Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni əsgəri 10 gün məzuniyyətdə dincəldikdən sonra geri İcevandakı hərbi hissəsinə qayıdıb və buradan bir neçə saat sonra huşsuz halda İcevan tibb müəssisəsinə aparılır, fevralın 12-də isə təxliyyə edildiyi İrəvandakı hərbi hospitalda ölür.
İrəvandakı hospitalda həkim ölən əsgərin əmisinə bildirib ki, sizin uşağın analizləri ölmüş adamın analizləridir. Evdən qayıtdıqdan sonra İcevandakı hərbi hissədə nə baş verdiyindən, nədən müalicə edildiyi barədə həkimlər heç bir məlumat verməyib.
Hətta əsgərin ölüm faktını gizli saxlamaq niyyətində olublar, yerli jurnalistlər bildikdən sonra Stepan Stepanyanın ölüm faktı mətbuatda açıqlanıb. Ölüm hadisəsi fevralın 12-də baş versə də, jurnalistlərin müdaxiləsindən sonra hadisədən 9 gün keçdikdən sonra, yəni fevralın 21-də Ermənistan müdafiə nazirlliyi məlumat verib.
Stepan Stepanyanına atası ölüb, anası isə onları tərk edib. O, 2017-ci ilin iyul ayından hərbi xidmətdə olub. Heç vaxt narazılıq etmədiyi bildirilsə də o, anidən ölüb.
Nə baş verdiyi heç kimə ətraflı məlum deyil. Onu saxlayan nənəsi narazılıq ifadə edib. Hərbi hissəyə qayıtdığı günün sabahı, hərbi hissədən zəng edərək bildiriblər ki, onu zəhərlənmə səbəbindən hospitala aparıblar.
Ölüm kağızında da zəhərlənmə diaqnozu yazılsa da, istintaq komitəsi başqa səbəblər göstərib. Meyiti yararkən həkimlər başında şiş aşkar edib və ölüm faktına əsas səbəb kimi naməlum komanın olduğunu bildiriblər. Fevralın 22-də məsul şəxslər tərəfindən tibbi yardımın lazımı səviyyədə göstərilməməsi maddəsi ilə cinayət işi qaldırılıb.
Məlum olub ki, ölən erməni əsgərini tam bir gün İcevandakı tibb mərkəzində saxlayıblar. Onun İcevan tibb mərkəzində nədən müalicə olunduğu, zəhərlənmə diaqnozu ilə meyiti yaran həkimlərin aşkar etdiyi başındakı şişin nə ilə əlaqəsi olduğunu heç kim izah etməyib. Tibb mərkəzinin həkimi verilən suallara cavab olaraq bildirib ki, onların tibb mərkəzində müalicədə hər hansı bir səhvə yol verilməyib. Tibb mərkəzində ölən əsgəri bir gün hansı xəstəlikdən müalicə etdikləri barədə suala da cavab verməyərək, istintaq orqanı tərəfindən aparılan araşdırmaların nəticələrini gözləməyi təklif ediblər.
Beləliklə məlum olur ki, ölən Stepan Stepanyan 10 fevral saat 10:30 radələrində hərbi hissəyə qayıdıb. Burada naməlum hansısa hadisə baş verib və axşam saat 23:30 radələrində onu İcevandakı xəstəxanaya aparıblar. Meyiti yaran həkimlər başında şiş aşkar ediblər. Bir qayda olaraq ölən hərbi qulluqçular barədə həmin gün məlumat verilsə də, bu hadisə ilə bağlı 9 gün keçdikdən, həm də jurnalistlərin müdaxiləsindən sonra məlumat verilib. Adətən bir iki gün ərzində cinayət işi qaldırılsa da, bu hadisə üzrə cinayət işi 10 gün sonra fevralın 22-də və həkimlərin səhvini etiraf edən maddə üzrə cinayət işi açılıb.
Ölən əsgərin əmisi bildirib ki, hər iki valideynindən mərhum olan, heç vaxt sağlamlığından şikayəti olmayan, sağlam hərbi hissəyə yola salınan əsgərin həmin gün huşsuz halda xəstəxanaya yerləşdirilməsi səbəbini deyən olmasa, sonunadək mübarizəsini davam etdirəcək.
Alpər Möludoğlu
Ordu.az