Erməni əsgərin atası Avropa Məhkəməsinə şikayət edəcək

2018/02/456456_1519727205.jpg
Oxunub: 4514     18:25     27 Fevral 2018    
Erməni əsgərin atası çıxarılan hökmdən narazıdır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağdakı hərbi hissələrin birində 2 il əvvəl idman zamanı ölən erməni əsgəri, Hrant Qriqoryanın atası ölüm işində günahkar olan zabitə ən ağır cəzanın verilməsini tələb edir.

Ölən əsgərin atası Qaruş Qriqoryan ilkin istintaq və məhkəmə istintaqından narazı olduğunu bildirib.

Onun sözlərinə görə, hüquq mühafizə orqanları təqsirli olan Varujan Balayanın ən az cəzaya məhkum edilməsi üçün əllərindən gələn hər şeyi ediblər. Prokuror ölüm işində günahkar olan zabit Varujan Balayana cəmi 8 il cəza verilməsini tələb edib.

"İlkin istintaq yekunlaşaraq, iş məhkəməyə göndərilsə də ölüm səbəbi hələ də məlum deyil. Avtomatda barmaq izləri aşkar edilməyib. Leytenant Varujan Balayan hərbi hissədə bir çox əsgərləri döyüb, alçaldıb, təhqir edib. Məhkəmədə üzr istəyən leytenant Balayan etdiklərini etiraf edərək, peşman olduğunu bildirib. Qaldırılan cinayət işi üzrə 12 il cəza verilməli olduğu halda, 8 il cəza verilməsi istənilib. Qoyun oğrusuna 5-6 il cəza verilir, erməni əsgərini öldürənə 8 il iş verilir", deyə erməni əsgərin atası qərara etiraz edib.

Qaruş Qriqoryanın sözlərinə görə, ölüm faktı üzrə məhkəmə qərarı 13 mart tarixində veriləcək. Varujan Balayana qarşı daha yumşaq hökm verilərsə Avropa Məhkəməsinə şikayət edəcəyini bildirib.

Xatırladaq ki, 17 iyul 2016-cı ildə erməni əsgəri Hrant Qriqoryanın idman zamanı halı pisləşərək, özündən gedib. Leytenant Balayan isə Qriqoryanı o vəziyyətdə qoyaraq zalı tərk edib. Geri qayıtdıqda isə artıq Hrant Qriqoryanın öldüyünü bilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Avropa-məhkəməsi   Şikayət  


Bizi "telegram"da izləyin