Ordu.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan xəbərlərdə Azərbaycan tərəfinin hər an hərbi əməliyyatlara başlayaraq işğal edilmiş əraziləri azad edəcəyi xüsusi olaraq bildirilir. Bu səbəbdən də son dərəcə böyük həyacan keçirən valideynlər övladları ilə yazışarkən, telefon vasitəsilə əlaqə yaradarkən nəyin bahasına olursa-olsun sağ qalaraq evlərinə dönmələri barədə onlara yalvarırlar.
Düşmən ordusundakı günbəgün ağırlaşan vəziyyət də artıq valideynlərin açıq-aşkar etiraz aksiyalarına qoşulmalarına səbəb olub. Əsgər ailələrinin etiraz etmələrinə həm də, Ermənistandan olan hərbçilərlə Qarabağdan çağırılan gənclər arasında daim kəskinləşən və bir çox cinayətlərə səbəb olan yerlibazlıq problemi səbəb olub.
Həmçinin sosial şəbəkələrdə yayılan xəbərlərdə o da bildirilir ki, övladlarının ön xətt mövqelərində xidmət etməsini, mənasız yerə ölməsini istəməyən ailələr də müxtəlif bəhanələrlə Ermənistandan, eləcə də Qarabağdan köçüb gedərək başqa ölkələrdə yaşamağa üstünlük verirlər. İmkanı olamayan ailələr isə, hər cür fürsətdən istifadə edərək heç olmasa Azərbaycanın işğal edilmiş ərazilərindən uzaqlaşaraq məskunlaşmaq üçün Ermənistanın müxtəlif yerlərinə köçürlər.
Təkcə onu demək kifayətdir ki, işğal altında olan Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun bölmələrində fevral ayının ilk 20 günü ərzində, haqqında rəsmi məlumatlar verilməyən və müxtəlif səbəblər üzündən 15-ə yaxın cinayət hadisəsi baş verib. İctimaiyyətdən gizlədilən bu insidentlər zamanı ən azı 9 erməni hərbçisi ya müxtəlif dərəcəcli xəsarətlər alaraq hərbi tibb müəssisələrinə yerləşdirilib, ya da şikəst olub.
Erməni əhalini hiddətləndirən də odur ki, cinayət hadisələrinin əksəriyyəti ictimaiyyətdən gizlədilir. Belə hadisələr haqqında rəsmi məlumatlar olmadığından valideyinlər bu barədə ya sosial şəbəkələrdən, ya da övladları ilə görüşə gələrkən təsadüfən xəbər tuturlar. Erməni valideyinlərin qəzəbinə səbəb olan amillərdən biri də odur ki, belə hadisələr ört-basdır edildiyi üçün ailələr faktiki olaraq dövlət tərəfindən heç bir yardım ala bilmirlər. Çünki bu zaman Ermənistan müdafiə nazirliyi hərbçi aillərinə hadisənin xidmət etdiyi zaman baş verməsi barədə heç bir rəsmi sənəd vermir.
Düşmən ordusunda günbəgün artan kriminal hadisələr, cinayətlər səbəbindən çoxalan itkilər barədə məlumatlar ermənistanlı valideynlərin əbəs yerə etirazlara qoşulmadıqlarına əyani sübutdur.
Hələlik bu aksiyalar o qədər kütləvi hal almasa da, övladlarının üzləşdikləri qanunsuzluqlarla bağlı bir neçə hərbi hissə qarşısında valideynlərin keçirdikləri etiraz çıxışları Ermənistan dövlətinin həyacanına səbəb olmaqdadır.
Ordu.az