Belaruslu hərbi ekspert: "Biz Azərbaycan üçün Su-27 və Su-25-ləri modernləşdiririk"

2018/02/21312321_1517593899.jpg
Oxunub: 5221     01:42     03 Fevral 2018    
Yanvarın 31-də Minskdə Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin iclası baş tutdu və bu iclasda komitə sədri Oleq Dviqalyev cari il üçün tapşırıqları səsləndirdi. Dviqalyevin sözlərinə görə, 2017-ci ildə ixrac öncəki illə müqayisədə 15 faiz artıb və Belarus silah ixracı üzrə milyard dollardan çox gəlir əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə "Komsomolskaya pravda Belarus"a açıqlama verən Belaruslu hərbi ekspert Aleksandr Alyesin qeyd edib ki, Belarus artıq əminliklə dünya silah ixracatçılarının ilk 20 siyahısına daxil olub.


O bildirib ki, Belarus dünyanın 69 ölkəsinə silah satır və bu, 2016-cı illə müqayisədə 9 ölkə daha çoxdur. Əsas silah idxalçısı Rusiya hesab edilir, lakin təfərrüatlar açılmır, çünki bu, hərbi sirr hesab olunur.

"Rusiya və ABŞ-ın münasibəti pisləşdikcə, Belarusun müştərilərinin sayı artır. İndi münasibətlər daha da sərtləşib, Rusiya silahının alıcılarına sanksiyalarla təhdid edirlər, buna görə də müxtəlif ölkələr hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə qurğuları, PUA-lar və zirehli qurğuların təchizatçısı qismində ölkələr Belarusu seçirlər", - deyə Alyesin açıqlayıb.

Ekspertin sözlərinə görə, əsas hərbi müttəfiqlərdən biri də Çindir, Pekin Minskdən peyk avadanlıqları, radar sistemləri, proqram təinatı vasitələri, idarəetmə və tuşlama sistemləri üzrə əməkdaşlıq edir.

"BƏƏ ilə də çoxmilyonluq müqavilələr imzalanıb, biz oraya Minsk zavodlarının istehsal etdiyi tank vasitələri satırıq. Həmçinin son hadisələrlə əlaqədar olaraq bizim HHM sistemlərimizin, radioelektron mübarizə vasitələri, radar və radiokəşfiyyat vasitələrinin satışı artıb.


Həmçinin əsas idxalçılardan biri də Azərbaycandır, biz oraya HHM sistemləri, modernləşdirilmiş "Buk-MB" ZRK-ları satırıq. Oktabrda biz orada atəş təlimləri keçirdik, azərbaycanlılar razı qaldılar, əməkdaşlığın inkişafı üçün prespektivlər var. Həmçinin biz Azərbaycan üçün Su-27 və Su-25-ləri modernləşdiririk", - deyə Alyesin qeyd edib.

Onun sözlərinə görə, Belarus hazırda KTMT ölkələrinə də xeyli sayda silah satır və müştəriləri arasında Qırğızıstan və Tacikistan da var.

"Böyük ehtimalla bu yaxınlarda biz Ermənistana da silah satacağıq. Qazaxıstana modernləşdirilmiş S-125 ZRK-ları satırıq. Həmçinin Misir üçün də onların modernləşdirilməsini həyata keçiririk. Vyetnam, Ekvador və Kuba üçün PUA-lar istehsal edirik. Eyni zamanda müştərilərimiz arasında Sudan və Çad Respublikası da var.

İclasda isə Belarus hərbçilərinin qürur mənbəyi olan “Polonez” reaktiv yaylım atəşi sistemlərinin satışını həyata keçirmək vəzifəsi qoyulub. Böyük ehtimalla, “Polonez”lərin ilk alıcısı Qazaxıstan olacaq".

Alyesin Belarusun yeni modern robot texnalogiyasına da toxunub: "Yeni, hər yerdə hərəkət etməyə qadir robotumuz atəş açmaq və partlayıcıları zərərsizləşdirməyə qadirdir.

İclas iştirakçıları üçün yeni Belarus silahlarının nümayişini təşkil ediblər. İclasda 20 ölkə öz istehsal məhsullarını təqdim etdilər. Digər nümunələr: “Polonez” kompleksi, “Kayman” və VOLAT V1 zirehliləri, PUA-lar, uçan dronlarla mübarizə üçün tüfənglər daha öncə təqdim edilib.

Həmçinin xüsusi xidmət orqanları üçün “cib” tapançası da ötən ilin yazında baş tutan “MILEX-2017” sərgisində göstərilib. Silah konstruktorları deyirər ki, bu tapançanın dünyada analoqu yoxdur, o, kompaktdır, amma güclüdür.


Eyni zamanda “Robot-A1” mobil robot kompleksi də yeniliklər siyahısındadır. Bu, tırtıl üzərində hərəkət edən, hər yerdə manevr etməyə qadir kiçik robotdur. Uzunluğu bir metr, çəkisi 30 kiloqramdır, daha 25 kiloqram çəkini isə “göyərtəsində” daşıya bilər. Robota avtomat quraşdırmaq olar və o, məsafəli şəkildə atəş açacaq, yaxud onu partlayıcı qurğuları zərərsizləşdirən manipulyatorlar təchiz etmək olar. Eyni zamanda kamera quraşdırmaq və kəşfiyyat həyata keçirmək də mümkündür.

Belə robotların yaradılması dünya trendidir. İndi ABŞ və İsrail kimi ölkələr də yatırımı belə robotlara edirlər. Biz onlarda geri qalmamağa çalışırıq".

Ekspert, Belarusun artıq Ukraynaya silah satışını dayandırdığını bildirib.

"Bizim Ukrayna ilə müdafiə sahəsində əməkdaşlığımız artıq realizə edilmir. Nəzərə almaq lazımdır ki, Belarus Ukraynanın şərqində baş tutan münaqişənin tənzimlənməsi üzrə danışıqlar meydançasıdır. Hərbi-texniki əməkdaşlığını dayandırılması barədə qərar əlavə problem və sualların yaranmaması üçün qəbul edilib.

Bu vəziyyətin bizim maraqlarımız xaricində istifadə olunmasına yol vermək olmaz", - deyə ekspert fikirlərini yekunlaşdırıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus-Azərbaycan   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin