Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Helsinki Vətəndaş Assambleyasının rəhbəri Artur Sakunts deyib. O, "Ermənistan ordusunda korrupsiya problemi necə həll edilir, sosial ədalət prinsipi necə təmin edilir, nizamnaməyə zidd münasibətlərin pozulmasının dayandırılması üçün nə edilir, hüquqların pozulması mexanizmləri necə yaxşılaşır?" deyə müzakirə qaldırıb.
Artur Sakunts, orduda cinayət faktları üzrə açılmış cinayət hadisələrinin araşdırmalarını apararaq belə bir nəticəyə gəlib ki, bütün hallarda korrupsiya meydan oxuyur. Onun sözlərinə görə, konkret nümunələr zəngin generallardır.
"Ordu generalları oliqarx ola bilməz. O, əgər hərbi xidmətlə məşğuldursa, biznesi ola bilməz", - deyə o etiraz edib.
Məlumatları müzakirələrdə iştirak edən digər erməni hüquq müdafiəçisi Janna Aleksanyan da təsdiq edib.
O, bildirib ki, müqaviləli hərbi qulluqçu, əsgər Edqar Hakobyan "ədalət" axtarmaq üçün işğal altında olan Qarabağdan İrəvana gəlib.
"O, hərbi hissənin rəhbərliyinə məlumat verib və onu müalicə üçün İrəvana göndərməyi xahiş edib. Dəfələrlə hərbi polis əməkdaşları tərəfindən döyülüb. Hərbi polis əməkdaşları onu hərbi polisin istintaq bölməsinə aparıblar. Orada istintaq rəisi və başqa iki əməkdaş səhər saat 6-dək onu döyərək təhqir ediblər. Onu sıra meydanını diz çökmuş halda başa vuranadək təpikləyiblər. Edqar Hakopyan baş verənlərlə bağlı ərizə ilə Ombudsmana müraciət edib. Hazırda cinayət işi açılıb, günahkar şəxslərin cəzalandırılacağına ümid edirik. Ermənistan ordusunda bizə məlum olmayan zorakılıq halları çox baş verir. Bu cəzasızlığın nəticəsidir", - deyə Aleksanyan bildirib.
O, xatırladıb ki, Ermənistan müdafiə naziri Vigen Sarkisyan vəzifədə olduğu müddət ərzində bir dəfə də olsun orduda insan haqları barədə bir kəlmə belə danışmayıb. O, hərbi prokurorun orduda cinayətlərin ildən-ilə azalması barədə verdiyi açıqlamaların da həqiqəti əks etdirmədiyini bildirib. Orduda baş verən mina və qumbara partlayışlarından xəsarət alanların çoxaldığını, baş verənləri hərbi prokurorun nəzərə almadığını vurğulayıb.
"Müdafiə naziri partlayış nəticəsində ölən Hrant Manqasaryanın valideynlərini qəbul edəcəyi və günahkar şəxslərin cəzalandırılacağına dair söz versə də, hadisədən 3 ay keçib. Heç kim məsuliyyətə cəlb edilməyib", - deyə erməni hüquq müdafiəçisi Vigen Sarkisyanın yalançı olduğunu bildirib.
Erməni hüquq müdafiəçiləri orduda baş verənlərin gizlədilməsini, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı təzyiqlərin təhlükəli xarakter aldığını bildiriblər.
"Deyirlər susun düşmən bilər. Mən onlardan soruşmaq istəyirəm ki, aprel döyüşlərində meydana çıxan problemləri düşmən bilmədimi? Ordu daxilində problemlərin həll edilməməsi nəticəsində insan tələfatı baş verir", - deyə Aleksanyan etiraz edib.
Alpər Mövludoğlu
Ordu.az