Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, apreldə baş verən döyüş əməliyyatları iştirakçılarının böyük əksəriyyətinin, o cümlədən Razmik Petrosyanın hərbi biletində, onun "döyüş əməliyyatlarında iştirak etməsi" haqqında müvafiq qeydlər aparılmayıb.
O, Ermənistan müdafiə nazirliyinə müvafiq qeydlərin aparılması məqsədilə yazılı müraciət etsə də, hərbi komissarlıqdan onun xidmət etdiyi bölmənin döyüş ərzində döyüş növbətçiliyində olduğu əsas gətirilərək, müraciəti rədd edilib. 21 yaşlı keçmiş erməni əsgəri Razmik Petrosyan öz tapdalanmış "hüquq"larını məhkəmə yolu ilə bərpa etmək istəyir. Yanvarın 24-də müdafiə nazirliyinə qarşı məhkəmə iclası keçirilib. Lakin müdafiə nazirliyinin təmsilçisi məhkəmədə iştirak etməyib, iddiaçı keçmiş əsgər Razmik Petrosyan da Rusiyada yaşadığına görə, onu məhkəmədə hüquqlarını müdafiə edən vəkili təmsil edib.
Vəkilin dediyinə görə, Ermənistan müdafiə nazirliyi iddia edir ki, Petrosyanın tabe olduğu bölmə döyüş ərəfəsində 2-ci eşelonda yerləşib və döyüş iştirakçısı hesab oluna bilməz. Lakin 15 gün döyüş növbətçiliyi apardıqdan sonra hərbi hissənin daimi yerləşmə məntəqəsinə qayıtmalı olduğu halda, 2,5 ay ön xəttdə döyüş növbətçiliyi günlərindən 5 dəfə artıq saxlanılmasına izahat verə bilmirlər.
Petrosyan bildirir ki, eyni bölmədə xidmət edən əsgər yoldaşlarının bəzilərinin hərbi biletlərində isə döyüşlərdə iştirak etdiklərinə dair qeydlər aparılıb. O, müdafiə nazirliyi tərəfindən aprel müharibəsi iştirakçılarına qarşı ayrı-seçkilik edildiyinə dair sübutlarının olduğunu bildirib. Bəzi hərbi qulluqçuların hətta 3-cü eşelonda xidmət etməsinə baxmayaraq, onların hərbi biletlərində qeydiyyatların aparıldığına dair faktların olduğunu deyib.
Növbəti məhkəmə 5 mart 2018-ci il tarixinə təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az