2017-ci ilin ən yaddaqalan hərbi uğursuzluqları

2017/12/34534_1514614392.jpg
Oxunub: 647     14:06     30 Dekabr 2017    
Bitmək üzrə olan il bir sıra hərbi uğursuzluqlarla yadda qaldı: texnika işləmirdi, helikopter və təyyarələr qəzaya uğrayırdı, yeni avadanlıqlar sıradan çıxırdı, hərbçilər isə sübut əvəzinə kompüter oyunlarından kardlar nümayiş etdirirdilər.

Ordu.az 2017-ci ilin ən yaddaqalan hərbi uğursuzluqlarını təqdim edir.

Britaniya esmineslərindən məhrum oldu.

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrində “Daring” tipli yeni esmineslə xoşagəlməz hadisə yaşandı. Cari ilin noyabr ayında silahlanmada olan sonunca HMS “Diamond” gəmisi sıradan çıxdı. Nəticədə eyni anda 6 Britaniya esminesi yararsız hala gəldi və bu vəziyyət indi də dəyişməz olaraq qalır.


Qeyd edək ki, ilk gəmi donanmaya 2009, sonuncu isə 2013-cü ildə təhvil verilib, lakin bununla belə onlar çox tez sıradan çıxdılar.

“Daring” tipli hər esminesin qiyməti 1 milyard funt sterlinq (1,4 milyard dollar və ya 2,38 milyard manat) təşkil edir. Əvvəlcə 12 gəmidən ibarət seriyanın hazırlanması nəzərdə tutulurdu, lakin yüksək qiymətə görə, cəmi 6 esmines sifariş olundu.

Konstruksiyanın xüsusiyyətlərini nəzərə alsaq, bu tip gəmilərin texniki nasazlıqdan əziyyət çəkdiyini iddia edə bilərik. Məsələn, 2016-cı ilin iyununda Fars körfəzində suyun hərarətinin yüksək olması Britaniya esmineslərindən birinin sıradan çıxmasına səbəb olmuşdu.

Ukraynanın “bədbəxt” flaqmanı

Ukrayna Hərbi Dəniz Qüvvələri özünün heç də ən yaxşı vaxtlarını yaşamırlar. Bu günlərdə donanma bir vaxtlar flaqmanı hesab etdiyi nəhəng “Ukrayna” kreyserindən imtina etdi. Səbəb olaraq isə onun uzun müddət sahilə yan alaraq qalması, nəticədə avadanlıq və silahlarının yararsız hala gəldiyi göstərilir.


Hərçənd bir vaxtlar bi gəmi “təyyarə daşıyıcılarının qatili” hesab olunurdu. Cəmi 95 faizi tikilsə də, bu çatışmazlığın fərqinə varmaq mümkün deyildi.


İndi isə Ukrayna donanmasının flaqmanı adi mühafizə gəmisidir.

Qışda gəmi Odessa limanının buzlarında dondu və bir müddət dənizə çıxmadı. Ardınca yay ayları yaxınlaşdıqca gəmini təmir etmək qərarına gəldilər.

Gəminin təmirinə dair sifarişi Kiyevin “Leninskaya kuznitsa” gəmiqayırma zavodu aldı. Flaqmanın təmirinə isə cəmi 14,5 milyon qriven (500 min dollar və ya 850 min dollar) vəsait ayrıldı.


Maraqlıdır ki, flaqmanın dizel mühərriki gəminin təmirindən dərhal sonra sıradan çıxdı...

Rusiya Müdafiə Nazirliyinin “təkzibedilməz sübutları”

Rusiya Müdafiə Nazirliyinin ABŞ hərbçilərinin İŞİD terrorçularını müdafiə etməsinə dair “təkzibedilməz sübutları” mobil oyundan “screenshoot” çıxdı.

Rusiya MN özünün “Twitter” hesabında qeyd etdi ki, görüntülər noyabrın 9-da Əbu-Kamal şəhəri ərazisində Rusiya PUA-ları tərəfindən çəkilib.


“Rusiya qoşun qruplaşmalarının komandanlığı iki dəfə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya Fərat çayının şərqində İŞİD kolonlarının birgə məhv edilməsi ilə bağlı müraciət etdi. Lakin amerikalılar İŞİD terrorçularına aviazərbələr endirməkdən qətiyyətlə imtina etdilər”, - deyə nazirlik qeyd edib.


Rusiya MN-in yerləşdirdiyi şəkillərdən biri isə “AC-130 Gunship Simulator: Special Ops Squadron” oyunundan bir kadrla tamamilə üst-üstə düşür. Qəribədir ki, oyunda kadrlar “Lockheed AC-130 Spectre” bölməsi tərəfindən dəstəklənən uçan batareya tərəfindən çəkilir.

Məlumat KİV-lərdə yer aldıqdan sonra Rusiya MN onu sildi və bildirdi ki, artıq günahkar cəzalanıb.

“Qərb-2017” təlimləri zamanı hədəfi vurmayan zərbə

Sentyabrın 16-sı Rusiya və Belarusun birgə təşkil etdiyi “Qərb-2017” təlimlərinin 3-cü günü idi və Leninqrad vilayətində keçirilən təlimdə həmin gün iki fövqəladə hal yaşandı.


İlk planlaşdırılmayan atəş 14:00-a təsadüf etdi. Ka-52 ekipajı – podpolkovnik A.V. Smaxtin və baş leytenant A.S. Volçkov Puşkan aerodromundan havaya qalxaraq “Lujski” poliqonuna endilər.14:47-də poliqonun uçuş rəhbərinin razılığından sonra 3-cü manevr zamanı 50 metr yüksəklik və 200 kilometr/saat sürətiylə hərəkətdə ikən Ka-52-dən C-8 idaredilməyən aviasiya raketi atıldı.

Bundan sonra leytenant Volçkov tapşırığın yerinə yetirilməsini tamamlamaq əmri aldı və Puşkindəki bazaya döndü.

Planlaşdırılmayan raket atışına görə, 3 nəfər yaralandı

Rusiya MN Ka-52-nin planlaşdırılmayan raket barədə xəbəri inkar edərək bu xəbərin başqa vaxta aid olduğunu bildiridi və qeyd etdi ki, insanların yaralanması barədə məlumat yaymaq axmaqlıqdır.

Ka-52 ilə ikinci bədbəxt hadisə isə 17:12-də - artıq helikopter uçuş zolağına endikdən sonra baş verdi. Helikopter enərkən izləyicilər istiqamətində yaylım atəşi açdı və növbədi planlaşdırılmayan atış baş verdi. Lakin xoşbəxtlikdən bu dəfə xəsarət alan olmadı.

Kraliçanın təyyarə daşıyıcısı su buraxdı

Yeni “Queen Elizabeth” təyyarə daşıyıcısı Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin silahlanmasına 2017-ci il dekabrın 7-də daxil oldu. Onun qiyməti 3,1 milyard funt sterlinq (4,1 milyard dollar və ya 6,97 milyard manat) təşkil edir.


Yeri gəlmişkən, Amerika ordusu “Zumwalt” esminesi üçün 4,4 milyard dollar (7,48 milyard manat) ödəmişdi.

Lakin artıq ilk dəfə açıq dənizə çıxmaq “Kraliça” üçün uğurlu olmadı – təyyarə su buraxdığına görə təmirə göndərilməli oldu. Gəminin val doldurucusu xarab imiş və bu səbəbdən təyyarə daşıyıcısı bir saatda 200 litrə yaxın suyu göyərtəsinə qəbul edirdi.

Əlavə məlumat üçün bildirək ki, “Queen Elizabeth” 65 min ton su basma qüvvəsinə malikdir və uzunluğu 200 metr olmaqla sürətini 25 dəniz milinədək artıra bilir. Gəmidə 1600 insan yerləşdirmək mümkündür, onun standart aviaqrupu isə 40-a qədər təyyarə və helikopterdən ibarətdir.

“Zumwalt” yenidən sıradan çıxdı

Amerikanın “Zumwalt” tipli ikinci esminesi olan “USS Michael Monsoor” dekabrın 4-də tərsanəni sınaqlar üçün tərk etdi və bir gün sonra geri qayıtdı. Dekabrın 5-də gəminin harmonik filtrləri sıradan çıxdı və nəticədə gəmi elektrik avadanlıqlarının arzuolunmaz güc titrəməsinə məruz qaldı.


Nəticədə esmines sınaqlar zamanı tam gücü ilə istifadə edilmək imkanından məhrum oldu.

Xatırladaq ki, keçən il isə ABŞ-ın “Zumwalt” tipli birinci esminesi göyərtənin kənarındakı suyun təsirilə sıradan çıxmışdı.

Almaniyalı nazir üç mühərrikli təyyarədə uçdu

Cari ilin fevralında “Airbus A400M Grizzly” hərbi-nəqliyyat təyyarəsi Almaniyanın müdafiə naziri Ursula fon der Lyaenin ilk xarici səfəri zamanı xarab oldu.


Nasazlıq barədə yalnız təyyarə Kaunas hava limanında yerə endikdə məlum oldu. Uçuş zamanı tıyarrənin mühərriklərindən biri sıradan çıxıbmış...

Ursula fon der Lyaen Litvaya NATO-nun Şərq sərhədlərini möhkəmləndirmək planı çərçivəsində bu ölkədə olan 130 alman əsgərinə baş çəkmək niyyətilə gəlmişdi.

Yeni hərbi-nəqliyyat təyyarəsinin effektiv reklamı isə baş tutmadı: nazir və onu müşayiət edə nşəxslər Almaniyaya qayıtmaq üçün köhnə S-160 “Transall”la uçmalı oldular.


Qeyd edək ki, müdafiə naziri üçün nəzərdə tutulan “Airbus A400M Grizzly” Almaniya Müdafiə Nazirliyi tərəfindən 2016-cı ilin sonlarında alınmışdı və Kaunas onun üçün ilk xarici səfər idi.

Ümumiyyətlə, A400-lərin tez-tez sıradan çıxdığını qeyd edə bilərik. Məsələn, aşırı qızmaya görə, ayrı-ayrı elementlər qısa zamanda sıradan çıxır. Başqa bir problem kimi isə yağ sisteminin reduktorunda metallik yonqarların əmələ gəlməsidir.

2015-ci ildə belə təyyarələrdən biri sınaqlar zamanı qəzaya uğradı. Səbəb isə mühərrikin idarəetmə sistemində yaranan qüsur idi və nəticədə 4 ekipaj üzvü həyatını itirdi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-uğursuzluqlar   2017  


Bizi "telegram"da izləyin