Azərbaycan Ordusunun güclənməsi təkcə hərbi sahə ilə məhdudlaşmadı, eyni zamanda, milli ruhun və vətənpərvərlik ideologiyasının formalaşmasında da mühüm rol oynadı. Cəmiyyətin orduya inamı artdı, gənclər arasında hərbi xidmətə maraq daha da gücləndi. Bu amillər sonrakı illərdə xalqımızın böyük Zəfərə nail olmasının əsasını təşkil etdi.
Dünya şöhrətli siyasətçi Heydər Əliyevin strateji xətti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildə xalqın böyük istəyi ilə Prezident seçilən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Belə ki, Azərbaycan Ordusunun maddi-texniki bazası müasir standartlara uyğun şəkildə gücləndirildi, ən son nəsil silah və hərbi texnika arsenalına daxil edildi. Azərbaycanın hərbi sənaye potensialı inkişaf etdirildi, ölkə daxilində müxtəlif növ müdafiə təyinatlı məhsulların istehsalı təmin edildi.
Prezident İlham Əliyevin siyasətində ordu quruculuğu ilə yanaşı, diplomatik fəaliyyəti də xüsusi yer tutur. Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı ölkənin haqlı mövqeyi beynəlxalq müstəvidə ardıcıl şəkildə müdafiə olundu. Xüsusilə 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı dövlət başçısının xarici media qurumlarına verdiyi çoxsaylı müsahibələr Azərbaycanın informasiya cəbhəsində üstünlük qazanmasına mühüm töhfə verdi. Prezident İlham Əliyevin həmin müsahibələrində ölkəmizin ədalətli mövqeyi real faktlara əsaslanaraq dünya ictimaiyyətinə çatdırıldı. Bütün dünya ölkəmizin haqq-ədalət uğrunda apardığı mübarizənin şahidi oldu.
Ölkəmizin tarixi torpaqları, doğma yurdumuz - Qarabağımız uğrunda aparılan savaş xalqımızın haqlı mövqeyini bir daha təzahür etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Dövlətin siyasəti, dəmir iradəsi, xalqımızın bir yumruq ətrafında birləşməsi qazanılan tarixi Zəfərin açarı oldu.
Əks-hücum əməliyyatı nəticəsində düşmənin uzun illər ərzində qurduğu mühəndis-istehkam xətləri qısa müddətdə yarıldı. Azərbaycan Ordusu yüksək peşəkarlıq, koordinasiya olunmuş idarəetmə və müasir silah sistemlərinin effektiv tətbiqi sayəsində tarixi Zəfər qazandı. Prezident İlham Əliyevin təbiri ilə desək, "Dəmir yumruq" kimi birləşən xalq- dövlət-ordu birliyi tarixi Zəfərin əsas təminatçısına çevrildi. Nəticədə, vaxtilə işğal altında olmuş torpaqlarımız azad edildi, ölkənin ərazi bütövlüyü təmin olundu. Vətən müharibəsi həm hərbi qələbə, həm də milli iradənin, siyasi gücün və xalqın birliyinin təntənəsi kimi tarixə düşdü.
Postmüharibə dövründə Azərbaycan Ordusunun modernləşdirilməsi prosesi daha da geniş vüsət aldı. Azad edilmiş ərazilərimizdə yeni hərbi infrastrukturların yaradılması, müasir hərbi hissələrin formalaşdırılması və şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Ordusu bu gün regionda sabitliyin və təhlükəsizliyin əsas təminatçılarından biridir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək Azərbaycanın hərbi gücünü zirvəyə yüksəltdi. Güclü dövlət prinsipinin real təzahürü olan Azərbaycan Ordusu bu gün dövlət müstəqilliyimizin və suverenliyimizin ən etibarlı qarantıdır.
Kifayət Əliyeva, "Azərbaycan Ordusu"
Ordu.az