Fransanın “Delair” PUA zavoduna “Molotov kokteyli” ilə hücum edilib

2026/06/Ekran-1781895638.jpg
Oxunub: 195     22:58     19 İyun 2026    
Ukraynaya pilotsuz uçuş aparatları tədarük edən Fransanın “Delair” şirkətinə məxsus müəssisədə təxribat hadisəsi qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Fransanın daxili kəşfiyyat və təhlükəsizlik qurumları hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparır.

Bildirilir ki, iyunun əvvəlində Tuluz şəhəri yaxınlığındakı Labej qəsəbəsində yerləşən zavoda “Molotov kokteyli” ilə hücum edilib.

İstintaq zamanı hadisədə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Hücumdan üç gün sonra isə müəssisənin yaxınlığında məxfi prototip pilotsuz uçuş aparatını videoya çəkən Belarus vətəndaşı həbs olunub.

Fransa təhlükəsizlik orqanları hadisənin birbaşa və ya dolayı yolla Rusiya tərəfindən təşkil edilməsi ehtimalını araşdırır.

Qeyd olunur ki, “Delair” şirkəti 2024-cü ildə Ukraynaya 400 ədəd kəşfiyyat məqsədli pilotsuz uçuş aparatı tədarük etməyi planlaşdırdığını açıqlamışdı. Tədarük olunan modellər arasında DT26 və UX11 sistemləri də yer alır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Delair   PUA  


Bizi "telegram"da izləyin