Çexiyada qalmaqal: Çin hərbi mütəxəssisləri nüvə mühafizəsi laboratoriyalarında təlim keçiblər

2026/06/Ekran-1781894633.jpg
Oxunub: 215     22:44     19 İyun 2026    
Çexiyada Çin hərbi universitetinin mütəxəssislərinin Nüvə, Kimyəvi və Bioloji Mühafizə İnstitutunda təlim keçməsi ölkədə qalmaqala səbəb olub.

Ordu.az xəbər verir ki, hadisədən sonra institutun direktoru vəzifəsində çalışan Tomaş Dropa tutduğu vəzifədən uzaqlaşdırılıb.

Çexiyanın TN Nova nəşrinin məlumatına görə, Çin hərbi qurumları ilə əlaqəli mütəxəssislər bir neçə dəfə institutun laboratoriyalarına giriş əldə ediblər.

Məlumata əsasən, Pekin Hərbi Akademiyasının nümayəndələri ardıcıl üç il ərzində Prşibram yaxınlığında yerləşən müəssisəyə səfər ediblər. Akademiya birbaşa Çin Silahlı Qüvvələrinə tabedir.

“Denik N” nəşrinin məlumatına görə, çinli mütəxəssislər Çexiyada müxtəlif bioloji agentlərin aşkar edilməsi metodlarını öyrənib, eyni zamanda hərbi texnologiyalarla bağlı təlim proqramlarında iştirak etməyi planlaşdırıblar.

İnstitutun sabiq direktoru əməkdaşlığı müdafiə edərək bildirib ki, təlim təşəbbüsü Çin tərəfinin müraciəti əsasında həyata keçirilib və bu əməkdaşlıq Çexiyanın elmi-tədqiqat fəaliyyəti üçün maliyyə baxımından faydalı olub.

Qeyd olunur ki, yalnız may ayında keçirilən təlim proqramına görə Çin hərbi mütəxəssisləri təxminən 800 min Çex kronu ödəyiblər. Növbəti təlimin payız aylarında keçirilməsi planlaşdırılırmış.

Laboratoriyaların fəaliyyətinə cavabdeh olan Çexiyanın daxili işlər naziri Lubomir Metnar baş verənlərdən təəccübləndiyini bildirib.

“Bu məlumat məni şoka saldı. Son dərəcə təəccüblənmişəm və bunu başa düşmürəm”, - deyə nazir vurğulayıb.

Metnar Çin tərəfi ilə əməkdaşlığı təhlükəsizlik insidenti kimi qiymətləndirib.

Məlumata görə, institut əvvəllər Dövlət Nüvə Təhlükəsizliyi İdarəsinin tabeliyində fəaliyyət göstərib. Ötən il isə qurum Çexiya Yanğınsöndürmə və Xilasetmə Xidmətinin tabeliyinə verilib.

Hadisə ilə bağlı institutda daxili audit təyin olunub. Çexiya Yanğınsöndürmə və Xilasetmə Xidmətinin rəhbəri Vladimir Vlçek bildirib ki, son beş il ərzində xarici nümayəndə heyətlərinin institutun obyektlərinə səfərləri və əcnəbilər üçün təşkil edilmiş təlim proqramları xüsusi araşdırılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Çin  


Bizi "telegram"da izləyin