“Frontline Robotics” və “Dropla” insansız quru platformaları üçün süni zəka hazırlayacaq

2026/06/Ekran-1781894100.jpg
Oxunub: 201     22:31     19 İyun 2026    
Ukraynanın “Frontline Robotics” müdafiə şirkəti və Danimarka-Ukrayna mənşəli “Dropla” şirkəti real vaxt rejimində təhdidlərin aşkarlanmasına yönəlmiş insansız quru platformaları üçün süni zəka həllərinin birgə hazırlanması barədə razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Frontline Robotics” şirkəti məlumat yayıb.

Tərəfdaşlıq çərçivəsində “Frontline Robotics” şirkətinin “Burya” robotlaşdırılmış qülləsi “Dropla” şirkətinin “Logist” adlı yerüstü robot sisteminə inteqrasiya ediləcək.

Əməkdaşlıq memorandumu 2026-cı ildə Parisdə keçirilən Avropanın ən böyük müdafiə texnologiyaları sərgisi olan “Eurosatory 2026” çərçivəsində imzalanıb.

Şirkətlərin bildirdiyinə görə, layihə Ukrayna mühəndislik təcrübəsini Danimarkanın sənaye imkanları ilə birləşdirərək yeni nəsil robotlaşdırılmış müdafiə həllərinin yaradılmasına xidmət edəcək.

“Frontline Robotics” şirkətinin biznesin inkişafı üzrə direktoru Nikita Rojkov bildirib ki, robot sistemlərinin gələcəyi ayrı-ayrı məhsullarda deyil, inteqrasiya edilmiş ekosistemlərdədir.

Onun sözlərinə görə, tərəflərin bilik və təcrübəsinin birləşdirilməsi logistika, atəş dəstəyi və yarımavtonom missiyalar üçün modul robot imkanlarının yaradılmasına şərait yaradır. Rojkov vurğulayıb ki, bu cür tərəfdaşlıqlar cəbhənin ehtiyaclarına daha sürətli cavab verən kompleks həllərin hazırlanmasına imkan verir.

“Frontline Robotics” şirkəti döyüş modullarının insansız quru platformalarına inteqrasiyası sahəsində geniş təcrübəyə malikdir. Şirkətin qüllələri artıq “Termit 2.0”, ARDAL və “THeMIS” robot sistemlərinə quraşdırılıb.

Mövcud sistemlərin inteqrasiyası ilə yanaşı, tərəflər “Dropla” şirkətinin real vaxt rejimində avtomatik təhdid aşkarlayan süni zəka həllərinin hazırlanması və onların “Frontline Robotics” şirkətinin kəşfiyyat məqsədli pilotsuz uçuş aparatlarına inteqrasiyası barədə də razılığa gəliblər.

Xüsusilə qeyd olunur ki, “Dropla” Ukraynada ilk dəfə kiçik təhdidləri, o cümlədən “gəzən sursat”ları və minaları aşkar etməyə imkan verən “Blue Eyes” proqram-aparat kompleksini hazırlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Frontline-Robotics”   Dropla  


Bizi "telegram"da izləyin