Ordu.az xəbər verir ki, Köçəryan bu barədə jurnalistlərlə görüşü zamanı danışıb.
Onun sözlərinə görə, cəmiyyətdə formalaşmış fikrin əksinə olaraq, Samvel Karapetyanla şəxsi dostluq münasibətləri qurmayıb və ömrü boyu onunla cəmi bir neçə dəfə ümumi dost məclislərində görüşüb. Köçəryan qeyd edib ki, həmin görüşlər də artıq prezident vəzifəsindən ayrıldıqdan sonra baş tutub.
Sabiq erməni prezident bildirib ki, prezidentliyi dövründə Karapetyanla ümumiyyətlə şəxsən tanış olmayıb və onların ilk görüşü yalnız istefasından bir neçə il sonra baş verib.
“Seçki kampaniyası dövründə ictimai təmaslardan uzaq durması şüurlu qərar olub. Məqsəd hakimiyyətin müxtəlif müxalif qüvvələri vahid siyasi blok kimi təqdim etməyə çalışdığı təbliğat tezislərinə imkan verməmək idi”, - deyə Köçəryan qeyd edib.
Bununla yanaşı, o vurğulayıb ki, zərurət yaranarsa, hazırda həbsdə olan Karapetyanla görüşmək üçün heç bir maneə görmür.
“Samvel Karapetyanla heç vaxt şəxsi dostluq etməmişəm. Lakin “Hayastan” Ümumerməni Fondunun Himayəçilər Şurasının keçmiş üzvü kimi sənədlərdən bilirəm ki, Kirk Kerkoryandan sonra o, ən böyük ikinci xeyriyyəçidir və bir çox hallarda ölkəyə qalan bütün donorların birlikdə verdiyindən daha çox yardım edib”, - deyə Köçəryan bildirib.
Sabiq erməni prezident hakimiyyətin fəaliyyətini tənqid edərək qeyd edib ki, cəmiyyətə yararlı işlər görən insanlara hörmət aşılamaq əvəzinə onların nüfuzunu zədələməyə çalışırlar və bu yolla süni şəkildə nifrət mühiti formalaşdırılır.
Köçəryan hesab edir ki, bu yanaşma ölkədə xeyriyyəçilik institutunun zəifləməsinə səbəb olur.
“Əgər böyük həcmdə xeyriyyə fəaliyyətinə dövlətin cavabı məhkəmələr, həbsxanalar və insanı nüfuzdan salmaq cəhdləridirsə, o zaman istənilən iş adamında Ermənistan üçün niyə vəsait xərcləməli olduğu sualı yaranacaq”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az