Erməni siyasi xadim: “Mən təqsirləndirilən şəxs deyiləm, baş verənlər şou və siyasi təqibdir”

2026/06/1781262831.jpg
Oxunub: 201     15:12     12 İyun 2026    
“Çiçəklənən Ermənistan” partiyasından deputatlığa namizəd Areqnaz Manukyan ona qarşı aparılan istintaqı siyasi təqib adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə o, iyunun 12-də Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında jurnalistlərə açıqlamasında bildirib.

Manukyan qeyd edib ki, ibtidai istintaq sirrinin açıqlanmaması barədə sənəd imzaladığı üçün hansı iş üzrə dindirildiyini və axtarış zamanı konkret nələrin baş verdiyini açıqlaya bilməz. Bununla belə, o, söhbətin ictimaiyyətə məlum olan işdən getdiyini vurğulayıb.

“Baş nazir Nikol Paşinyan müxalifət nümayəndələrinə qarşı təzyiqləri şəxsən başladıb və birbaşa mitinq zamanı “Ana Ermənistan” partiyasının sədri Andranik Tevanyan barəsində cinayət işi açılması ilə bağlı göstəriş verib. Mən təqsirləndirilən şəxs statusunda deyiləım və aparılan istintaqı absurd hesab edirəm”, - deyə Manukyan bildirib.

O, əgər iş məhkəməyə çıxarılarsa, istintaqın əsaslarının əsassız olduğunun hamı üçün aydın olacağına əminliyini ifadə edib.

Xatırladaq ki, daha əvvəl Areqnaz Manukyanın dindirilmək üçün Ermənistan İstintaq Komitəsinə çağırıldığı bildirilmişdi. Həmin gün səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları onun mənzilində axtarış aparıblar.

İstintaq Komitəsi axtarış tədbirlərinin casusluq və dövlətə xəyanətlə bağlı səs-küylü cinayət işi çərçivəsində həyata keçirildiyini açıqlayıb. Həmin iş üzrə daha əvvəl “Çiçəklənən Ermənistan” siyahısında ikinci yerdə olan və “Ana Ermənistan” partiyasına rəhbərlik edən Andranik Tevanyan həbs edilmişdi.

Rus şirkətinə məxfi məlumatların ötürülməsi ilə bağlı iddiaları şərh edən Manukyan bildirib ki, söhbətin hansı parlament iclasından getdiyini, həmin iclasda iştirak edib-etmədiyini və orada hansı məlumatların müzakirə olunduğunu ümumiyyətlə bilmir.

O qeyd edib ki, baş nazirin müavini Mher Qriqoryan jurnalistlərə həmin görüşdə dövlət sirri təşkil edən məlumatların müzakirə edilmədiyini açıq şəkildə təsdiqləyib. Tevanyanın vəkili Ruben Orbelyan isə iş materiallarında dövlətə xəyanət faktının tamamilə olmadığını bildirib.

Mənzilində aparılan axtarışa toxunan Manukyan istehzalı şəkildə qeyd edib ki, müstəntiqlər qanunsuz heç nə tapa bilmədikləri üçün uzun müddət onun tort reseptlərini və qızının 8 Mart münasibətilə hədiyyə etdiyi açıqcaları araşdırıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manukyan  


Bizi "telegram"da izləyin