Kremlin beş aylıq planı: Rusiya ABŞ-dəki aralıq seçkilərə qədər Ukrayna məsələsini bitirmək istəyir

2026/06/1781192746.jpg
Oxunub: 315     19:52     11 İyun 2026    
Böyük Britaniyanın Baş naziri Starmer, Fransa Prezidenti Makron və Almaniya Kansleri Merts G7 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla Ukrayna nizamlanmasına dair öz layihələrini müzakirə etməyi və “qarşılıqlı anlaşmaya nail olmağı” planlaşdırırlar. Bu barədə “Bloomberg” agentliyinə “iki məlumatlı diplomatik mənbə” məlumat verib. “Böyük Yeddilik” sammiti 2026-cı il iyunun 15-17-si tarixlərində Parisdə keçiriləcək. Daha əvvəl Londonda Böyük Britaniyanın Baş naziri, Fransa Prezidenti və Almaniya Kansleri Ukrayna Prezidenti Zelenski ilə görüşüblər.

Həmin danışıqların yekunlarına dair yayılan məlumatlardan belə nəticə çıxır ki, “Avropa üçlüyü” və Ukrayna atəşin və bütün növ hərbi əməliyyatların dayandırılması, təmas xəttinin sabitləşdirilməsi və Ukrayna üçün təhlükəsizlik təminatlarının rəsmiləşdirilməsi, o cümlədən “sabitləşdirici qüvvələrin” yerləşdirilməsi məsələlərində razılığa gəliblər. Rusiya Prezidenti Putinin mətbuat katibi Peskov isə bu təklifləri “tamamilə qəbuledilməz” adlandırıb.

“Avropa üçlüyü”nün ABŞ Prezidentini Ukrayna nizamlanmasına dair “London layihəsi”ni dəstəkləməyə razı salıb-salmayacağını yəqin ki, heç kim proqnozlaşdıra bilməz. Fakt budur ki, Rusiyanın xarici işlər naziri Lavrov Vaşinqtondan Trampın kürəkəni Kuşnerin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Uitkoffun Kiyevə hansı missiya ilə səfər etdiklərinə dair “aydınlaşdırma gözləyir”. Yeri gəlmişkən, onların Moskvaya “yaxın vaxtlarda planlaşdırılan səfərinin tarixi hələ məlum deyil”.

Ukrayna istiqamətində mümkün inkişaflar barədə ümumi təsəvvür əldə etmək üçün Rusiya rəsmi mediasında dərc olunan bir sıra materiallara nəzər salmaq kifayətdir. Həmin yazılarda “qırmızı xətt kimi” belə bir fikir ön plana çıxarılır ki, İrana qarşı müharibə “ABŞ-nin genişmiqyaslı münaqişədən yayınmağa çalışdığını üzə çıxarıb”. “RIA Novosti”nin şərhçisi hətta belə bir qənaət irəli sürüb ki, Tramp administrasiyası “Konqresə aralıq seçkilərə fokuslanıb və müharibə aparmaq istəmir”.

Rəsmi informasiya vasitəsinin müəllifi gizlətmir ki, həmin seçkilərdən sonra ABŞ “Rusiyanın formalaşdıracağı tamamilə yeni bir vəziyyətə qayıda bilər”. Konqresə aralıq seçkilərə isə beş ay qalıb. Görünür, Rusiyada bu müddət başa çatana qədər Ukrayna ilə bağlı “məsələləri həll etmək” qərarına gəliblər. Təbii ki, əgər Donald Tramp “Avropa üçlüyü”nə növbəti dəfə rədd cavabı verər və Rusiya ilə problemləri “öz gücləri hesabına həll etməyi” tövsiyə edərsə…

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin