Məhkəmə Ermənistanın keçmiş müdafiə nazirinin məcburi gətirilməsi barədə qərar qəbul edib

2026/06/1781262308.jpg
Oxunub: 185     14:59     12 İyun 2026    
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan məhkəmə iclasına qatılmadığı üçün onun məcburi qaydada məhkəməyə gətirilməsi qərara alınıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Məhkəməsinin mətbuat katibi “Azadlıq” radiosuna açıqlamasında bildirib.

Məlumata görə, “1 Mart” işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edən keçmiş müdafiə naziri Seyran Ohanyan iyunun 12-də keçirilən məhkəmə iclasına gəlməyib. Bu səbəbdən hakim onun məcburi qaydada gətirilməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun keçmiş tabeliyində olmuş şəxslər 2021-ci ildə bəraət alıblar. Buna səbəb Ermənistan Konstitusiya Məhkəməsinin Köçəryana qarşı irəli sürülən konstitusiya quruluşunu devirmə ittihamını konstitusiyaya zidd hesab etməsi olub.

Lakin sonradan Ermənistan Kassasiya Məhkəməsi həmin qərarı ləğv edərək işi yenidən baxılması üçün aşağı instansiyaya qaytarıb. Yeni ittihama əsasən, Köçəryan və digər təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar. Həmin maddə üzrə isə cinayət təqibi müddətinin başa çatdığı bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ohanyan  


Bizi "telegram"da izləyin