MİLSAS dəniz dibinin yüksək dəqiqlikli görüntüsünü əldə etməyə imkan verəcək - VİDEO

2026/06/Ekran-1781205092.jpg
Oxunub: 266     23:07     11 İyun 2026    
“Meteksan Savunma” şirkəti SAHA 2026 sərgisində Milli Sintetik Diafraqmalı Sonar (MİLSAS) sistemini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, sistem dəniz dibinin və sualtı hədəflərin yüksək dəqiqliklə aşkarlanması və görüntülənməsi üçün hazırlanıb.

MİLSAS platformanın hərəkəti zamanı əldə olunan çoxsaylı dar sahəli sonar ölçmələrini eyni fazada birləşdirərək sintetik geniş sahə yaradır. Bu texnologiya ənənəvi sonar sistemlərinin məhdudiyyətlərini aşmağa və sualtı obyektlərin yüksək detallı təsvirini əldə etməyə imkan verir.

“Meteksan Savunma”nın Dəniz Sistemləri Direktoru Gülin Şahinöz bildirib ki, MİLSAS Türkiyədə milli imkanlarla hazırlanmış ilk sintetik diafraqmalı sonar sistemidir.

Onun sözlərinə görə, layihə Müdafiə Sənayesi Tədqiqat və İnkişaf İdarəsinin dəstəyi ilə “Meteksan Savunma”nın baş podratçılığı altında həyata keçirilir.

Şahinöz qeyd edib ki, sistemdən sualtı minaların aşkarlanmasında, arxeoloji və batimetrik tədqiqatlarda, dəniz dibinin üçölçülü xəritəsinin hazırlanmasında, batmış obyektlərin müəyyən edilməsində, həmçinin boru kəmərləri və sualtı kabel xətlərində nasazlıqların aşkarlanmasında istifadə etmək mümkün olacaq.

Məlumata görə, sistemin hazırlanması işləri davam edir və onun 2027-ci ilin son rübündə istifadəyə hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

Şahinöz bildirib ki, MİLSAS suyun altında 8 düyün sürətlə hərəkət edərkən belə məlumatları emal edərək sintetik görüntü formalaşdırmağa qadirdir. Sistem 0-600 metr dərinlik diapazonunda istifadə üçün nəzərdə tutulub.

Qeyd olunub ki, MİLSAS həm yedəyə alınan passiv platformalara, həm də insansız dəniz platformalarına inteqrasiya edilə bilər. Bu zaman əldə edilən məlumatlar real vaxt rejimində və ya sonradan emal üçün ötürülə bilər.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MİLSAS   SAHA-2026  


Bizi "telegram"da izləyin