“El Pais”: İspaniyanın keçmiş baş nazirinin ofisində tapılan zinət əşyaları 1,3 milyon avro dəyərində qiymətləndirilib

2026/06/1781262608.jpg
Oxunub: 231     15:10     12 İyun 2026    
İspaniyanın keçmiş baş naziri Xose Luis Rodriqes Sapateronun ofisində aparılan axtarış zamanı aşkarlanan zinət əşyalarının dəyərinin təxminən 1,3 milyon avro olduğu bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti istintaqa yaxın mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, aşkar edilən zinət əşyalarının ümumi dəyəri keçmiş hökumət rəhbərinin bəyan etdiyi məbləğdən 25 dəfədən çoxdur.

Qiymətləndirmə məhkəmə hakimi Xose Luis Kalamanın tapşırığı ilə zərgərlik emalatxanası tərəfindən həyata keçirilib. Hakim “Plus Ultra” aviaşirkətinə maliyyə yardımı göstərilməsi ilə bağlı araşdırmaya rəhbərlik edir.

Bundan əlavə, bəzi zinət əşyaları sertifikatlaşdırma məqsədilə İspaniya Gemologiya İnstitutuna göndərilib.

Qəzetin vergi məsələləri üzrə ekspertlərə istinadən yaydığı məlumata görə, hazırda əsas sual həmin əşyaların Sapateronun mülkiyyətinə nə vaxt və hansı şəraitdə keçməsi, həmçinin onların qanunvericiliyə uyğun şəkildə bəyan edilib-edilməməsidir.

Xatırladaq ki, 2026-cı il mayın 19-da məhkəmə Xose Luis Rodriqes Sapateronun “Plus Ultra” işi üzrə araşdırmaya cəlb olunduğunu açıqlamışdı.

Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları onun ofisində axtarış aparıb və seyfdə müxtəlif zinət əşyaları aşkar ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Baş-nazir  


Bizi "telegram"da izləyin