"Orta Dəhliz dünyanın ən mühüm marşrutlarından birinə çevrilə bilər" - Aryeh Laytston

2026/06/1781263998.jpg
Oxunub: 190     14:47     12 İyun 2026    
Orta Dəhliz dünyanın ən mühüm nəqliyyat marşrutlarından birinə çevrilə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Sülh Şurasının (Board of Peace) baş müşaviri Aryeh Laytston iyunun 10-da Vaşinqtonda Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil olunan 10-cu Trans-Xəzər Forumunda çıxışı zamanı bildirib.

“Kiçik innovasiyalar və yaradıcı yanaşma ilə biz Orta Dəhlizi təkcə regionun deyil, bütün dünyanın ən mühüm marşrutlarından birinə çevirə bilərik. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsü Azərbaycan və Ermənistan arasında illərlə davam edən çıxılmaz vəziyyəti aradan qaldırmağa imkan verir, həmçinin Mərkəzi Asiya və Xəzər regionunda sülhün möhkəmlənməsi və iqtisadi dayanıqlığın təmin olunması ehtimalını artırır. Regional inteqrasiya seçim deyil, zərurətdir”, – deyə Laytston bildirib.

Onun sözlərinə görə, hazırda bütün Trans-Xəzər marşrutu boyunca inkişaf üçün yeni imkanlar yaranır.

“TRIPP modeli infrastrukturun səmərəliliyinin artırılması və normativ-hüquqi bazanın uyğunlaşdırılması məqsədilə özəl investisiyaların təşviqinə yönəlib. "TRIPP Plus Enterprise Fund" infrastrukturun effektivliyinin artırılması, infrastrukturun modernləşdirilməsi vasitəsilə rəqəmsal bağlantının gücləndirilməsi, eləcə də gömrük tənzimlənməsi və normativ uyğunlaşdırmanın təkmilləşdirilməsi istiqamətlərinə özəl investisiyaların cəlb olunmasına dəstək verəcək. Məqsəd məhdud resursdan daha böyük pay almaq deyil – məqsəd həmin resursun özünü böyütməkdir”, – o qeyd edib.

Xatırladaq ki, Orta Dəhliz Asiyanı Avropa ilə birləşdirən və regionun bir sıra ölkələrindən keçən nəqliyyat-ticarət marşrutudur. O, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ hesab olunur. Marşrut Çindən başlayır, Mərkəzi Asiya ölkələrindən keçir, daha sonra Xəzər dənizini keçərək Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxır. Orta Dəhliz daha uzun dəniz yollarını keçmədən Asiyanın şərq bölgələrini, o cümlədən Çini Avropa ilə birləşdirən quru nəqliyyat marşrutudur.

Bundan əvvəl Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyev Avrasiya İqtisadi Forumunda çıxışı zamanı ölkəsinin Orta Dəhlizin ötürücülük qabiliyyətini 2030-cu ilədək 10 milyon tona çatdırmağı planlaşdırdığını bildirmişdi. Onun sözlərinə görə, bu məqsədlə marşrut üzrə mövcud dar boğazların aradan qaldırılması və nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi üçün yol xəritəsi artıq qəbul edilib.

“2025-ci ilin yekunlarına görə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcmi 62 faiz artıb, konteyner daşımalarının həcmi isə 2,7 dəfə yüksəlib. Qarşımıza ambisiyalı məqsəd qoymuşuq: 2030-cu ilədək Orta Dəhlizin ötürücülük qabiliyyətini 10 milyon tona çatdırmaq”, – deyə Şakkaliyev vurğulayıb.

2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin olunması, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin qurulmasına dair birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orta-Dəhliz   Laytston  


Bizi "telegram"da izləyin