Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri Norveçin “Kongsberg Defense & Aerospace” şirkəti ilə AGM-184 “Joint Strike Missile” (JSM) raketlərinin tədarükünü nəzərdə tutan sabit qiymətli müqavilə imzalayıb.
Müqavilə çərçivəsində tam komplekt raketlər, konteynerlər, sınaq avadanlıqları və digər dəstək vasitələrinin alınması nəzərdə tutulur. İstehsal işləri Norveçin Konqsberq şəhərində həyata keçiriləcək və 2028-ci il noyabrın 30-dək tamamlanacaq.
AGM-184 JSM uzaqmənzilli dəqiq zərbə imkanlarına malik, havadan buraxılan aşağı radara görünmə qabiliyyətli qanadlı raketdir və əsasən F-35 “Lightning II” qırıcıları ilə istifadə üçün hazırlanıb.
Raketin uzunluğu təxminən 4 metr, çəkisi isə 416 kiloqramdır. O, “Williams International F-415” kiçik turboreaktiv mühərriki ilə təchiz olunub və saatda 1111 kilometrə qədər sürət yığa bilir. AGM-184 JSM-in uçuş məsafəsi 350 kilometri ötür və 120 kiloqramlıq dəqiq zərbə döyüş başlığı daşıyır.
Raketin ən mühüm üstünlüklərindən biri onun F-35 qırıcısının daxili silah bölməsinə yerləşdirilə bilməsidir. Digər qanadlı raketlər və uzaqmənzilli sursatlar adətən təyyarənin xarici asqılarında daşınır ki, bu da onun radarlarda görünmə ehtimalını artırır və stels xüsusiyyətlərini zəiflədir.
AGM-184 JSM isə daxili bölmədə daşındığı üçün F-35-in aşağı radara görünmə imkanlarına təsir göstərmir. Bu xüsusiyyət raketi ilk zərbə əməliyyatları və A2/AD (girişin məhdudlaşdırılması və ərazidən uzaqlaşdırma) şəbəkələrinə qarşı missiyalar üçün xüsusilə effektiv edir.
“Kongsberg Defense & Aerospace” şirkəti AGM-184 JSM-i güclü mühafizə olunan hədəfləri aşağı radara görünmə xüsusiyyətləri hesabına məhv etmək üçün hazırlayıb. Raket ən sürətli sursatlardan biri olmasa da, hədəfə yaxınlaşana qədər aşkarlanmaqdan yayınmaq imkanına malikdir.
ABŞ Hərbi Hava Qüvvələrinin Norveç istehsalı olan bu raketə maraq göstərməsi uzaqmənzilli yüksək dəqiqlikli sursat ehtiyatlarının artırılmasına yönəlmiş daha geniş strategiyanın tərkib hissəsi hesab olunur.
Bununla belə, məqalədə qeyd olunur ki, 240,9 milyon dollarlıq müqavilə müasir müharibələrin tələblərini tam ödəmək üçün kifayət etmir. Ekspertlərin fikrincə, Çin və ya Rusiya kimi güclü rəqiblərlə uzunmüddətli münaqişə zamanı daha böyük sursat ehtiyatlarına ehtiyac yaranacaq.
AGM-184 JSM raketi “Kongsberg” şirkətinin NSM (“Naval Strike Missile”) gəmiəleyhinə raketi əsasında hazırlanıb.
Hazırda ABŞ ilə yanaşı Avstraliya, Belçika, Kanada, Danimarka, Almaniya, Latviya, Malayziya, Niderland, Norveç, Polşa, Rumıniya, İspaniya, Böyük Britaniya və Yaponiya da JSM və ya onun dəniz variantı olan NSM raketlərindən istifadə edir. Yaponiya ilk AGM-184 raketlərini bu ilin mart ayında qəbul edib.
Təxminən iki il əvvəl ABŞ Hərbi Hava Qüvvələri AGM-184 JSM raketlərinin ilk partiyasının istehsalı üçün də “Kongsberg Defense & Aerospace” şirkətinə analoji müqavilə vermişdi.
Sevinc Əliyeva
Ordu.az