Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Polisin bildirdiyinə görə, şübhəlilərdən biri olan 19 yaşlı gənc saxlanılıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər şübhəli, 19 yaşlı Zara Cabbi isə hələ də axtarışdadır və silahlı, təhlükəli şəxs hesab olunur.
Hadisə nəticəsində həyatını itirən 43 yaşlı polis əməkdaşı Mark Pinizzoto hüquq-mühafizə orqanlarında 18 il xidmət edib. O, aldığı güllə yaralarından xəstəxanada vəfat edib.
İstintaq mart ayında Toronto şəhərində yerləşən ABŞ konsulluğuna edilən silahlı hücum da daxil olmaqla bir sıra hadisələrlə əlaqələndirilir. Həmin hücum zamanı iki nəfər avtomobildən konsulluq binasına atəş açaraq hadisə yerindən qaçmışdı. Nəticədə xəsarət alan olmasa da, binanın fasadına ziyan dəymişdi.
Müstəntiqlər işi həmçinin bir həftə əvvəl Toronto bölgəsində sinaqoqlara qarşı törədilmiş silahlı insidentlərlə də əlaqələndirirlər. Polisin məlumatına görə, Mark Pinizzoto mənzildə axtarış aparılarkən güllələnib. Hüquq-mühafizə orqanları ilk atəşin şübhəli şəxs tərəfindən açıldığını bildiriblər.
Toronto meri Oliviya Çou həlak olan polis əməkdaşının ailəsinə başsağlığı verərək hadisənin bütün şəhərə təsir etdiyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az