“Dənizqurdu-2/2026” təlimində ATMACA, HİSAR-D və AKYA hədəfləri məhv edib

2026/06/1781248746.jpg
Oxunub: 243     11:20     12 İyun 2026    
Türkiyə Hərbi Dəniz Qüvvələrinin Qara dəniz, Mərmərə, Egey və Şərqi Aralıq dənizində keçirdiyi “Dənizqurdu-2/2026” təlimi çərçivəsində ATMACA gəmi əleyhinə raketi, HİSAR-D idarəolunan raketi və AKYA ağır torpedosu ilə həyata keçirilən atışlar hədəfləri dəqiq məhv edib.

Ordu.az xəbər verir ki, təlimin seçilmiş müşahidəçi günü fəaliyyətləri Antalya körfəzində keçirilib.

İyunun 4-dən 14-dək təşkil olunan təlimə Türkiyə Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Jandarma, Sahil Mühafizəsi və Xüsusi Təyinatlı Qüvvələr komandanlıqlarından 125 dəniz platforması, 60 hava vasitəsi və 18 min hərbi qulluqçu cəlb olunub.

Türkiyə Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Ercüment Tatlıoğlu və Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Ziya Cemal Kadıoğlu fəaliyyətləri iştirakçı və müşahidəçi ölkələrin nümayəndələri ilə birlikdə Türkiyə Silahlı Qüvvələrinin ən böyük döyüş gəmisi olan TCG Anadolu-dan izləyiblər.

Xüsusi müşahidəçi günündə ümumilikdə 1 torpedo və 8 idarəolunan raket atışı həyata keçirilib.

ATMACA idarəolunan raketi “Burgazada” korvetindən buraxılaraq 102 kilometr məsafədə yerləşən suüstü hədəfi məhv edib. HİSAR-D idarəolunan raketi saatda 555 kilometr sürətlə yaxınlaşan hava hədəfini vurub. AKYA ağır torpedosu isə sualtı qayıqdan 10 kilometr məsafədəki hədəfə atılıb.

Təlim zamanı həmçinin PİRANA kamikadze insansız dəniz platforması ilə suüstü hədəfə hücum təşkil edilib. Dəniz və hava vasitələri dənizdə yerləşən 4 hədəfə 5 idarəolunan raket buraxıb.

Ssenariyə əsasən sonarlarla yeri müəyyən edilən düşmən sualtı qayığı hava və dəniz qüvvələrinin birgə fəaliyyəti nəticəsində məhv edilib. Komandolar helikopterdən kəndirlə TCG “Anadolu” gəmisinə enərək Türkiyə bayrağını açıblar. Dənizdə sürüklənən mina isə xüsusi qruplar tərəfindən zərərsizləşdirilib.

Təlimlə bağlı çıxış edən admiral Ercüment Tatlıoğlu bildirib ki, regional hadisələr güclü və çəkindirici dəniz qüvvələrinə malik olmağın nə qədər vacib olduğunu bir daha göstərir. “Bu gün TCG “Sakarya” sualtı qayığımız AKYA ağır torpedosu ilə hədəfini batırarkən, biz də çəkindirmə qabiliyyətimizin əsas dayaqlarından olan sualtı qayıqlarımızın əsas silahı sayılan torpedoları milliləşdirməyin haqlı qürurunu yaşayırıq”, - deyə o vurğulayıb.

Tatlıoğlu qeyd edib ki, Şərqi Aralıq dənizində bu günə qədər ATMACA raketi ilə ən uzaqmənzilli atış həyata keçirilib. Bundan başqa, hava hücumundan müdafiə sahəsində xarici asılılığı aradan qaldıran HİSAR-D raketi müxtəlif ssenarilər üzrə sınaqdan keçirilib.

Admiral insansız sistemlərin əhəmiyyətinə də toxunaraq bildirib ki, gələcəyin döyüşlərinin taleyini müəyyən edəcək pilotsuz uçuş aparatları, insansız dəniz platformaları və kamikadze tipli insansız dəniz platformaları silahlanmaya qəbul edilir və onların ən effektiv istifadəsi üçün yeni taktiki yanaşmalar hazırlanır.

O həmçinin vurğulayıb ki, Türkiyə Hərbi Dəniz Qüvvələri yeni hava hücumundan müdafiə esminesləri və milli sualtı qayıqlarla daha da güclənəcək.

Tatlıoğlunun sözlərinə görə, 2027-ci ilin sentyabr ayının sonunda suya endirilməsi planlaşdırılan aviadaşıyıcı gəmi “Mavi Vətən”də və onun hüdudlarından kənarda müdafiə, maraqların qorunması, sülhə dəstək, humanitar yardım və təxliyə əməliyyatlarında Türkiyənin imkan və qabiliyyətlərini daha da artıracaq.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün isə bildirib ki, Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin koordinasiyası ilə hazırlanmış milli dəniz sistemləri təlim zamanı uğurla tətbiq olunub.

Onun sözlərinə görə, həyata keçirilən atışlar Türkiyə müdafiə sənayesinin real əməliyyat şəraitindəki imkanlarını nümayiş etdirib.

“Milli mühəndislik gücümüzlə hazırladığımız sistemlərin sahədə uğurla xidmət göstərməsi “Mavi Vətən”dəki çəkindirmə qabiliyyətimizi daha da gücləndirir”, - deyə Görgün bildirib.

Təlim milli müdafiə sənayesi məhsullarının müxtəlif atış ssenariləri çərçivəsində eyni əməliyyat mühitində istifadəsinə imkan yaradıb. Tədbir hava və dəniz vasitələrinin parad keçidi ilə başa çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dənizqurdu   Təlim   Türkiyə  


Bizi "telegram"da izləyin