Ordu.az xəbər verir ki, bu barədə CNN televiziya kanalı məlumat yayıb.
Daxili müzakirələrlə tanış olan mənbələrin sözlərinə görə, bu narahatlıqlar nazirlər kabinetinin nümayəndələri və Ağ Ev əməkdaşlarının diqqətinə çatdırılıb. Söhbət bir neçə həftə ərzində son dərəcə aşağı səviyyəyə yaxınlaşa biləcək kommersiya neft ehtiyatlarından gedir.
Xüsusilə vurğulanır ki, ABŞ-nin strateji neft ehtiyatları da sürətlə tükənir və artıq gələn ay administrasiya onun istifadəsinin tempini azaltmağa məcbur qala bilər.
“Strateji neft ehtiyatı təhlükəli dərəcədə aşağı səviyyəyə düşəcək. Bunun nəticəsi daha yüksək qiymətlər olacaq”, - deyə mənbələrdən biri bildirib.
Sektorun digər nümayəndəsi isə “Biz minimum həddə yaxınlaşırıq” ifadəsini işlədib.
Mənbələrin sözlərinə görə, enerji sektorunun bu xəbərdarlıqları dəfələrlə Donald Trampın komandasına çatdırılıb və iri şirkətlərin açıq bəyanatlarında da əksini tapıb. Belə ki, “Exxon” korporasiyası daha əvvəl ehtiyat səviyyəsinin “misli görünməmiş dərəcədə aşağı göstəricilərə” çatdığını açıqlamışdı.
Vəziyyət Hörmüz boğazının bağlanması səbəbindən tədarük məhdudiyyətləri ilə daha da ağırlaşıb. Bu isə faktiki olaraq qlobal neft ticarətinin əsas marşrutlarından birinin bağlanmasına gətirib çıxarıb.
Belə şəraitdə ABŞ-də benzin qiymətləri artıq əhəmiyyətli dərəcədə artıb. Ekspertlər xəbərdarlıq edirlər ki, münaqişə davam edərsə, qiymət artımı daha kəskin və qeyri-sabit xarakter ala bilər. Bazarda ən gərgin dövrün isə iyul ayında gözlənildiyi bildirilir.
Ağ Ev isə cavab olaraq administrasiyanın bazarda qısamüddətli dalğalanmaları əvvəlcədən gözlədiyini və onların qarşısını almaq üçün tədbirlər gördüyünü bəyan edib. Ağ Evin nümayəndəsi Teylor Rocers vurğulayıb ki, münaqişə başa çatdıqdan sonra neft qiymətləri aşağı düşməli, qlobal enerji bazarları isə sabitləşməlidir.
Sevinc Əliyeva
Ordu.az