“Joğovurd”: Ermənistanda övladlarını sağlamlıq bəhanəsi ilə ordudan yayındırıb idmana yönləndirirlər

2026/06/1781241463.jpg
Oxunub: 244     09:25     12 İyun 2026    
“Ermənistan hökuməti futbol və futzal üzrə milli komandalarda çıxış edən bir qrup idmançıya məcburi hərbi xidmətdən möhlət verilməsini nəzərdə tutan yeni qərar layihəsini ictimai müzakirəyə çıxarıb. Layihə cəmiyyətdə bərabərlik və hərbi xidmət prinsipləri ilə bağlı müzakirələrə səbəb olub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən təqdim edilən layihəyə əsasən, futbol və futzal üzrə milli komandalarda yer alan bir sıra idmançılara 2026-cı ilin yay çağırışından 2028-ci ilin yay çağırışınadək, bəzi hallarda isə 26 yaşa qədər məcburi hərbi xidmətdən möhlət veriləcək.

“Sənəd Ermənistanın 21 yaşadək və 19 yaşadək futbol üzrə milli komandalarının, həmçinin futzal üzrə milli komandanın üzvlərinə şamil edilir. Layihənin əsaslandırılmasında qeyd olunur ki, gənc yaşlarında yüksək nəticələr göstərən idmançıların hərbi xidmətə cəlb olunması onların idman inkişafını ləngidə və beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər.

Layihə iyunun 1-dən ictimai müzakirəyə çıxarılıb və iyunun 16-dək davam edəcək. Bu müddətdə vətəndaşlar və maraqlı tərəflər öz təklif və rəylərini təqdim edə bilərlər.

Qərar layihəsində əvvəllər verilmiş bəzi möhlətlərin yenidən nəzərdən keçirilməsi də nəzərdə tutulur. Belə ki, milli komandaların yaş kateqoriyalarının dəyişməsi və ya yeni meyarların tətbiqi səbəbindən bəzi futbolçuların möhlət hüququ ləğv ediləcək”, - deyə nəşr bildirib.

Məqalədə qeyd olunur ki, əlavədə 20-dən çox futbolçu və futzalçının adı yer alıb. Onların bir qismi artıq beynəlxalq yarışlarda iştirak edib və milli komandalarda çıxış təcrübəsinə malikdir.

“Bununla yanaşı, layihə ictimaiyyət arasında bir sıra suallar doğurub. Xüsusilə “əhəmiyyətli nailiyyət” anlayışının hansı meyarlarla müəyyən edildiyi və bu meyarların bütün idmançılara eyni şəkildə tətbiq olunub-olunmadığı müzakirə mövzusudur.

Mütəxəssislərin fikrincə, belə yanaşma bəzi idmançılar üçün imtiyazlı şərait yarada və məcburi hərbi xidmət məsələsində fərqli münasibət formalaşdıra bilər. Həmçinin gənc yaş qruplarına uzunmüddətli möhlətlərin verilməsinin nə dərəcədə əsaslandırıldığı da mübahisə predmetidir.

Ermənistan hökuməti isə bildirir ki, möhlətlərin məqsədi milli komandaların rəqabət qabiliyyətinin artırılması, ölkənin idman nəticələrinin yaxşılaşdırılması və futbolun inkişafının təşviq edilməsidir. Qərarın dövlət büdcəsinə ciddi təsiri olmayacaq”, - deyə müəllif yazıb.

“Joğovurd” xatırladır ki, hakimiyyətə yaxın iki yüksəkvəzifəli şəxsin övladları, yəni keçmiş ərazi idarəetmə və infrastruktur naziri, “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin üzvü Qnel Sanosyanın oğlu Qor Sanosyan və partiyanın deputatı Lusine Badalyanın oğlu Samvel Gevorqyan sağlamlıq səbəbi ilə hərbi xidmətdən möhlət alıblar.

Nəşr vurğulayır ki, həmin sağlamlıq problemləri onların peşəkar idmanla məşğul olmasına mane olmayıb. Belə ki, Qor Sanosyan “Ararat-2” futbol klubunda çıxış edir, Samvel Gevorqyan isə Ermənistanın 20 yaşadək basketbol yığmasında və “Hatis” komandasında oynayıb.

“Sağlamlıq problemləri peşəkar idmanla məşğul olmağa imkan verdiyi halda, necə olur ki, həmin şəxslər hətta məhdudiyyətlərlə də olsa hərbi xidmət keçə bilmirlər? Nazirliyin yeni layihəsi gələcəkdə bu kimi halların təkrarlanmasına şərait yarada bilər”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Hərbi-xidmət  


Bizi "telegram"da izləyin