Erməni hüquqşünas: “Rusiya, Aİ və ABŞ üçün Paşinyan kimi zəif lider daha əlverişlidir”

2026/06/1781244274.jpg
Oxunub: 289     10:08     12 İyun 2026    
“Bu proses Ermənistanı çox təhlükəli istiqamətə aparır və ölkə daxilində parçalanmanı daha da dərinləşdirir”.

Ordu.az xəbər verir ki, bunu Fransanın “Paris-Panthéon-Assas” Universitetinin beynəlxalq hüquq doktoru, vəkil, Beynəlxalq İnsan Hüquqları Federasiyasının keçmiş baş katibi, Fransa ermənisi Rafii-Filip Kalfayan deyib.

Kalfayan xatırladıb ki, Ermənistanda Demokratiyanın Beynəlxalq Müşahidə Qrupu (IODA) 2026-cı il iyunun 7-də keçirilən parlament seçkiləri ərəfəsində ölkədə demokratik vəziyyəti qiymətləndirmək məqsədilə müşahidə missiyası həyata keçirib.

Onun sözlərinə görə, iyunun 5-də dərc olunan yekun hesabatda ilkin qənaətlər təsdiqlənib və seçki prosesinə həm Qərb, həm də Rusiya tərəfindən xarici təsirlərin olduğu qeyd edilib.

“Bu təsirlər daha çox Nikol Paşinyana kömək etdi. Qərb ona açıq dəstək verirdi, Putin-Paşinyan görüşünün ətrafında formalaşan gündəm də nəticə etibarilə Paşinyanın xeyrinə işlədi”, - deyə o bildirib.

Kalfayan qeyd edib ki, seçki prosesi zamanı hakimiyyət inzibati resurslardan istifadə edib, məhkəmə sistemi isə müstəqil olmayıb.

“Cinayət işləri yalnız müxalifət nümayəndələrinə qarşı açılırdı. Eyni hərəkətləri hakimiyyət tərəfdarları etdikdə isə onlara qarşı heç bir tədbir görülmürdü. Bu faktlar hesabatımızda da öz əksini tapıb”, - deyə o vurğulayıb.

Erməni hüquqşünas bildirib ki, missiya Ermənistanın İstintaq Komitəsi, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi və Korrupsiyanın Qarşısının Alınması Komitəsi ilə görüşsə də, hakim “Vətəndaş Müqaviləsi” Partiyası, Konstitusiya Məhkəməsi və Ombudsman Aparatı nümayəndələri onlarla görüşməkdən imtina ediblər.

Kalfayanın sözlərinə görə, hakimiyyətin məqsədi sadəcə seçkidə qalib gəlmək deyil, həm də konstitusion çoxluğu əldə etmək olub.

“Əgər hakimiyyət “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə daxil olmasının qarşısını ala bilsə, 3/5 çoxluq əldə edəcək. Mübarizə də məhz bunun uğrunda gedir”, - deyə o qeyd edib.

O qeyd edib ki, Ermənistan qanunvericiliyinə görə deputatlığa namizədin toxunulmazlığı yalnız Mərkəzi Seçki Komissiyasının razılığı ilə aradan qaldırıla bilər, lakin Qaqik Tsarukyanla bağlı prosesdə bu prosedura əməl olunmayıb.

Kalfayan seçkilərin ədalətli keçirilmədiyini iddia etsə də, mövcud geosiyasi şəraitdə Qərbin nəticələri qəbul edəcəyini bildirib.

“Bizim müşahidə missiyamız üçün bu seçki prosesi qəbuledilməz idi. Bununla belə, Qərb mövcud reallıqları nəzərə alaraq nəticələri tanıyacaq”, - deyə o vurğulayıb.

O hesab edir ki, müxalifət də düzgün taktika seçməyib və kiçik partiyaların seçkiyə qatılması səslərin parçalanmasına səbəb olub.

Kalfayanın fikrincə, ölkə daxilində və diaspor arasında parçalanma davam edir, halbuki Ermənistan ciddi təhlükəsizlik problemləri ilə üz-üzədir.

O, Nikol Paşinyanın seçki proqramında bütün ermənilərin katolikosu II Qareginin vəzifədən uzaqlaşdırılması, Robert Köçəryan, Samvel Karapetyan və Qaqik Tsarukyanın həbs olunması ilə bağlı bəyanatlarının təhlükəli nəticələrə gətirib çıxara biləcəyini söyləyib.

“Azərbaycan öz tələblərindən imtina etməyəcək, TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi isə faktiki olaraq kağız üzərində qalıb. Rusiya sanksiyaları qüvvədədir, dövlətin böyük borcları var, amma bunlar barədə demək olar ki, heç kim danışmır”, - deyə o bildirib.

Kalfayan qeyd edib ki, ATƏT-in müşahidəçiləri seçkilərlə bağlı hesabatlarında bir sıra pozuntulara, o cümlədən xarici təzyiqlərə, ticarət məhdudiyyətlərinə, təhlükəsizlik təhdidlərinə, seçkiqabağı qarşıdurmalara və müxalifət nümayəndələrinə qarşı cinayət təqiblərinə diqqət çəkiblər.

Onun fikrincə, Rusiya, Avropa İttifaqı və ABŞ üçün Ermənistanın başında Nikol Paşinyan kimi zəif və milli maraqlardan uzaq liderin olması daha əlverişlidir.

“Belə liderdən istədiklərini almaq daha asandır”, - deyə o bildirib.

Kalfayan Avropa İttifaqına üzvlüklə bağlı verilən vədlərin də reallıqdan uzaq olduğunu vurğulayıb.

“Avropa İttifaqından heç kim Ermənistana üzvlük dəvəti göndərməyib. Türkiyə Aİ-yə üzv olmadan Ermənistanın belə imkan əldə edəcəyinə inanmıram. Bu barədə deyilənlər boş sözlərdir”, - deyə o qeyd edib.

O, həmçinin Ermənistan və ABŞ arasında imzalanan sənədlərdə, eləcə də TRIPP layihəsində ölkə üçün təhlükəli məqamların olduğunu bildirib.

Kalfayanın sözlərinə görə, əgər TRIPP layihəsi ABŞ qanunvericiliyi əsasında fəaliyyət göstərəcəksə, bu halda Ermənistanın suverenliyi ilə bağlı ciddi suallar yaranacaq.

“TRIPP sazişi Ermənistan Konstitusiyasından üstün ola bilməz. “Vətəndaş Müqaviləsi” Partiyasının konstitusion çoxluğu yoxdur və buna görə də həmin sənəd beynəlxalq müqavilə statusu ala bilməz”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kalfayan  


Bizi "telegram"da izləyin