CNN: Vaşinqton və Tehran mümkün sazişə daha da yaxınlaşıb

2026/05/1778133830.jpg
Oxunub: 228     09:16     12 İyun 2026    
ABŞ rəsmiləri hesab edirlər ki, bu həftə Tehranda İran və Qətər nümayəndələri arasında keçirilən danışıqlar Vaşinqtonla Tehran arasında mümkün saziş yolunda qalan fikir ayrılıqlarının bir hissəsinin aradan qaldırılmasına kömək edib.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Müzakirələrin gedişi ilə tanış olan mənbənin sözlərinə görə, İranın nüvə proqramı ətrafında gələcək danışıqların formatı, eləcə də İrana maliyyə güzəştlərinin təqdim olunması mexanizmi və ardıcıllığı ilə bağlı məsələlər mübahisəli olaraq qalırdı.

Məlumata görə, İran bu həftə Qətər vasitəçiləri vasitəsilə ABŞ-yə sazişin yenilənmiş layihəsini təqdim edib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp təklif olunan layihəni bir sıra dəyişikliklərlə geri qaytarmış və nüvə proqramı ilə bağlı daha sərt müddəaların daxil edilməsinə çalışmışdı. Mənbələrin bildirdiyinə görə, ABŞ lideri Tehranın cavabı həddindən artıq gec hazırlamasından narazı qalmışdı.

Bununla belə, Qətərin vasitəçiliyi ilə keçirilən məsləhətləşmələr tərəflərin mövqeləri arasındakı fərqlərin azalmasına imkan verib. ABŞ rəsmiləri hətta Vaşinqton və Tehranın qarşılıqlı zərbələr endirdiyi günlərdə belə vasitəçilərlə daimi əlaqə saxlayıblar.

Mənbələr qeyd edirlər ki, yekun razılaşmanın əldə olunmasından danışmaq hələ tezdir. Son həftələrdə Donald Trampın sürətli saziş əldə olunması ilə bağlı çoxsaylı bəyanatlarına baxmayaraq, indiyədək konkret nəticələr əldə edilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Tehran  


Bizi "telegram"da izləyin