Rusiya-Gürcüstan münasibətlərində “bal ayı” bitir: Moskva Tbilisiyə ərazilərini qaytarmaq ümidi verməkdən imtina etdi?

2026/06/1780597365.jpg
Oxunub: 286     22:21     04 İyun 2026    
“Rusiya Gürcüstan hakimiyyətinə Abxaziya və Cənubi Osetiyanı geri qaytarmaqla bağlı heç bir ümid verməyib və münasibətlərin normallaşdırılması imkanını itirib”. Bu barədə gürcü ekspert Vaxtanq Coxadze müəllif yazısında ABŞ Dövlət Departamenti nümayəndə heyətinin Tbilisiyə səfərini şərh edərkən bildirib.

Coxadzenin sözlərinə görə, Rusiya son bir il ərzində “Abxaziya dəmir yolunun yenidən fəaliyyətə başlaması məsələsini fəal şəkildə müzakirə edib, lakin Gürcüstan hökuməti buna razılıq verməyib”.

Məlum olduğu qədərilə, ABŞ Dövlət Departamentinin nümayəndələri Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə danışıqlarda əmin ediblər ki, Ermənistanın cənubunda TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsi planı ABŞ üçün “Gürcüstanın rolunu və onunla strateji əməkdaşlığı arxa plana keçirmir”.

Gürcü mətbuatında əlçatan mənbələrin məlumatlarına əsasən, sabiq prezident Mixeil Saakaşvili və onun “Vahid Milli Hərəkat” Partiyası hakimiyyəti “Qərbdən üz döndərməkdə” kəskin tənqid edir. Onların fikrincə, bunun nəticəsində “Gürcüstan müstəsna tranzit ölkə statusunun əhəmiyyətini itirib”.

Görünür, Rusiya “Abxaziya dəmir yolunun yenidən açılması layihəsini” TRIPP-ə alternativ kimi təqdim etməyə çalışıb və bu ideyanın inkişafı üçün Ermənistanın müxalif qüvvələrini də prosesə cəlb edib. Parlament seçkiləri kampaniyasının başlanğıcında bu barədə xüsusilə Ermənistanın ikinci prezidenti Robert Köçəryan danışıb.

Gürcüstan Baş nazirinin Aparatı isə müxalifətin təbliğatına cavab olaraq rəsmi şəkildə bəyan edib ki, Abxaziya ərazisindən keçən dəmir yolu əlaqəsinin “bərpası məsələsi müzakirə olunmur”. ABŞ Dövlət Departamentinin nümayəndə heyətinin mayın 25-28-də baş tutan Tbilisi səfəri göstərir ki, Rusiyanın təzyiqlərinə müqavimət göstərmək üçün Gürcüstan Vaşinqtonun dəstəyinə ehtiyac duyub.

Tramp administrasiyası Avropa İttifaqından fərqli olaraq Gürcüstan hakimiyyətinə sərt tələblər irəli sürməyib. Ehtimal etmək olar ki, ABŞ “Gürcü Arzusu” hökumətinin “avtoritar meyllərinə” müəyyən mənada göz yumur ki, Gürcüstan Rusiya qarşısında güzəştlərə getməyə məcbur olmasın.

İyunun 2-də ABŞ dövlət katibi Marko Rubio Senatın profil komitəsində keçirilən dinləmələr zamanı açıq şəkildə bildirib ki, Rusiya ABŞ və Ermənistan arasında strateji əməkdaşlıq perspektivindən “məmnun deyil”. Rubio həmçinin deyib ki, Moskva Nikol Paşinyanın parlament seçkilərində məğlub olmasını istərdi.

Bu fonda Ermənistan müxalifəti və onunla əlaqəli ekspertlər Mehrinin təhvil verilməsi barədə xəbərdarlıqlar edirlər. İyunun 2-də keçirilən televiziya debatında Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 2020-ci il 10 noyabr bəyanatının 9-cu bəndinin “şifrəsini” qismən açıb və əmin edib ki, ekstraterritorial dəhlizlə bağlı həmin layihə keçmişdə qalıb və “həyata keçirilməyəcək”.

Həmin gün erməni iş adamları Türkiyə ilə sərhədi keçərək Qars şəhərində türk tərəfdaşları ilə birbaşa ticarətin təşkili ilə bağlı məsələləri müzakirə ediblər. İyunun 2-də Ermənistanın Baş naziri ilə Türkiyə Prezidenti arasında telefon danışığı da baş tutub. Şübhəsiz ki, Ermənistanın blokadadan çıxarılması və erməni kənd təsərrüfatı məhsullarının, eləcə də digər malların Avropa bazarlarına çıxışı barədə danışmaq hələ tezdir.

Lakin Rusiyaya ixraca alternativlərin ictimaiyyətə təqdim olunması özlüyündə siyasi resurs hesab edilə bilər. ABŞ Dövlət Departamenti nümayəndə heyətinin Gürcüstanın Baş naziri və hökumətin əsas üzvləri ilə keçirdiyi danışıqların müəyyən mənada Ermənistanla da bağlı olduğunu söyləmək mümkündür. Ən azı ona görə ki, bu danışıqlar Tbilisinin TRIPP layihəsi ilə bağlı narahatlıqlarını aradan qaldırmağa yönəlib.

Bu müstəsna imkan iyunun 7-də keçiriləcək səsvermənin nəticələri ilə möhkəmləndirilməlidir. Əks halda Ermənistan üçün qarşıdurma cəbhəsi həm də Gürcüstanla açıla bilər. Çünki Rusiya-Gürcüstan “bal ayı” artıq başa çatıb və ya sona yaxınlaşır. Mayın 9-da Vladimir Putin qondarma “Cənubi Osetiyanın prezidenti” Alan Qaqloyevlə “hərtərəfli inteqrasiya” haqqında saziş imzalayıb.

Yaxın perspektivdə regionun Şimali Osetiya-Alaniya ilə “inteqrasiya olunacağı”, yəni Rusiya Federasiyasının tərkib hissəsinə çevriləcəyi gözlənilir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Gürcüstan   Moskva   Tbilisi  


Bizi "telegram"da izləyin