“Su-30” + “Yasin” Bombası: Ermənistanın Hava Qüvvələrində İran İzi Dərinləşir

2026/06/1780465000.jpg
Oxunub: 341     09:36     05 İyun 2026    
Ermənistanın müdafiə naziri Suren Papikyanın ilin əvvəlində “Su-30SM” qırıcıları üçün əlavə silah sistemlərinin gözlənildiyi barədə verdiyi açıqlama yenidən müzakirə mövzusuna çevrilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Suren Papikyanın “Su-30”lar üçün vəd etdiyi əlavələr artıq çatıb?” başlıqlı məqlaəsində yazıb.

Nəşr xatırladıb ki, 2026-cı il yanvarın 13-də keçirilən mətbuat konfransında Suren Papikyana Su-30SM qırıcılarının tam imkanları ilə istifadə olunmasının mümkün olub-olmayacağı barədə sual ünvanlanıb.

Nazir cavabında bildirib ki, “Su-30SM”lər üçün kifayət qədər müəyyən silah ehtiyatı mövcuddur, eyni zamanda əlavə təchizat da gözlənilir. “Su-30SM”lər kifayət qədər yaxşı qırıcılardır. Mən onların rolunu çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, onlar həm ölkəmizin hava hücumundan müdafiə sistemlərinin, həm də ərazi bütövlüyünün qorunmasında böyük rol oynaya bilərlər”, - deyə Papikyan vurğulayıb.

Bununla yanaşı, Ermənistan müdafiə naziri həmin qırıcıların sayının artırılması məsələsinə münasibət bildirməkdən çəkinib. Nəşr qeyd edir ki, vaxtilə Ermənistan Silahlı Qüvvələrinin 8-12 ədəd “Su-30” təyyarəsinə malik olması planlaşdırılsa da, nəticədə yalnız 4 qırıcı əldə olunub.


“168.am” yazır ki, “Su-30”ların alınması ideyasının müəllifləri Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan olub. Həmin dövrdə parlamentin müdafiə və təhlükəsizlik məsələləri komissiyasının sədri Andranik Köçəryan bu qərarı dəstəkləməyib.

“44 günlük müharibədən sonra Andranik Köçəryan “Su-30”ların döyüş şəraitində tətbiqi ilə bağlı suallar qaldırmışdı. Sonradan David Tonoyanın istintaq komissiyasında verdiyi ifadə zamanı qırıcıların müəyyən döyüş tapşırıqlarını yerinə yetirdiyi açıqlanmışdı.

Andranik Köçəryan sonradan da Su-30-larla bağlı öz çoxsəhifəli təhlilini 44 günlük müharibə ilə bağlı hesabat materiallarına əlavə edib və bu məsələ Baş nazir Nikol Paşinyanın istintaq komissiyasında dindirilməsi zamanı da gündəmə gəlib”, - deyə müəllif bildirib.

Nəşrin diqqət çəkdiyi əsas məqam isə 2026-cı il mayın 28-də Respublika meydanında keçirilən hərbi parad zamanı “Su-30” qırıcılarının uçuşlar həyata keçirməsi olub.


“168.am” bildirir ki, həm “Military Watch Magazine” (MWM), həm də açıq mənbələr əsasında fəaliyyət göstərən OSINT analitikləri Ermənistan Silahlı Qüvvələrinin arsenalında olan Su-30-ların qanadları altında İran istehsalı olan “Yasin” planlaşdırılan aviasiya bombalarını müşahidə ediblər.

Nəşrin təqdim etdiyi məlumatlara görə, planlaşdırma və korreksiya modulu ilə təchiz olunan yüksək dəqiqlikli “Yasin” bombasının çəkisi 300 kiloqram, döyüş hissəsinin çəkisi isə 225 kiloqramdır və MK-82 sinfinə aiddir.


“Bu aviasiya bombası GPS peyk naviqasiyası və inertial naviqasiya sistemləri vasitəsilə sabit hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. Mövcud məlumatlara əsasən, sursatın standart şəraitdə uçuş məsafəsi 50-60 kilometr təşkil edir. Optimal hündürlükdən buraxıldığı halda isə bu göstərici 120 kilometrə qədər arta bilir.

Beynəlxalq ekspertlər mayın 28-də keçirilən hərbi paradda İran istehsalı olan “Majid AD-08” hava hücumundan müdafiə sistemlərini də müşahidə ediblər. Bu cür məlumatlar obyektiv səbəblərdən rəsmi şəkildə nə təsdiqlənə, nə də təkzib edilə bilər və yalnız mütəxəssis rəyləri ilə müəyyən müşahidələrə əsaslanır”, - deyə müəllif yazıb.

Məqalədə xatırladılır ki, “168.am” daha əvvəl Suren Papikyanın İrana səfərinin hərbi-siyasi nəticələri ilə bağlı dərc etdiyi materialda belə ehtimalları istisna etməmişdi.

Nəşr həmçinin qeyd edir ki, 2025-ci il aprelin 15-də parlamentdə çıxış edən parlament sədri Alen Simonyan müxalifətin ordudakı fəaliyyətlə bağlı tənqidlərinə cavab verərkən “Su-30”ların alınması qərarının hərbçilərin tövsiyəsi əsasında qəbul edildiyini bildirmişdi.

“168.am” yazır ki, “Su-30”ların alınmasını vaxtilə siyasi təbliğat vasitəsinə çevirən hakimiyyət nümayəndələri sonradan məsuliyyəti hərbçilərin üzərinə yönəltməyə çalışıblar.

Məqalənin sonunda müəllif sual edir ki, bu gün hakimiyyət nümayəndələri, o cümlədən Alen Simonyan, “Su-30”ların mövcud imkanlarını nəzərə alaraq buna görə keçmiş hərbçilərə, yoxsa hərbi sahədən uzaq olduğu tez-tez vurğulanan Nikol Paşinyana təşəkkür etməlidirlər?

Nəşrdə həmçinin qeyd olunur ki, əgər qırıcılar üçün əldə edilən yeni əlavələrin onların tam gücü ilə istifadəsinə imkan verdiyi təsdiqlənərsə, əvvəllər raketlərin olmamasına görə “Su-30”ları tənqid edən müxalif qüvvələrin mövqeyinin dəyişib-dəyişməyəcəyi də maraq doğurur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papikyan   Ermənistan   Su-30  


Bizi "telegram"da izləyin