Oreşkinin iddialı BRİKS statistikası: Qlobal inkişafın 50 faizini təmin edən bu blok Rusiyanı xilas edə bilərmi?

2026/06/1780596451.jpg
Oxunub: 252     22:09     04 İyun 2026    
“BRİKS ölkələri qlobal iqtisadi inkişafın 50 faizini təmin etdiyi halda, G7 ölkələrinin payı cəmi 20 faiz təşkil edir”. Bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda keçirilən müzakirələr zamanı Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin bildirib.

“Əgər əvvəllər sən dünyanın zirvəsində idinsə, inkişafın əsaslarını diktə və məcbur edə bilirdinsə, özünü inamlı hiss edirdin. Bu gün isə belə imkanın yoxdur, buna görə də narahat olmağa, sanksiyalar tətbiq etməyə başlayırsan”, - deyə Oreşkin bildirib. O, açıq şəkildə ABŞ-ın rəhbərlik etdiyi G7 ölkələrini nəzərdə tutub.

Oreşkin, əlbəttə, BRİKS-in iqtisadi inkişafdakı 50 faizlik payında Rusiyanın hansı yer tutduğunu və ya onun hansı inkişaf perspektivlərinə malik olduğunu dəqiqləşdirməyib.

BRİKS-in üzvlərindən biri də ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan Çindir. Lakin Çinin gücü və rifahı yalnız milli dəyərlərdir və ilk növbədə Çin vətəndaşlarının rifahına, Çinin beynəlxalq nüfuzunun yüksəlməsinə, eləcə də onun təsir dairəsinin genişləndirilməsi və möhkəmləndirilməsinə xidmət edir.

Bu, həm Rusiyada, həm postsovet məkanında, həm də Sovet İttifaqının ənənəvi üstünlüyə malik olduğu regionlarda özünü göstərir. Rusiya Elmlər Akademiyasının İqtisadi Proqnozlaşdırma İnstitutunun məlumatlarına görə, Rusiya iqtisadiyyatı “qarşıdakı iki il ərzində də ÜDM-in azalmasını qeydə alacaq”. Hökumətin müəyyən etdiyi illik 1 faiz ÜDM artımı hədəfi isə “yerinə yetirilməyəcək və cəmi 0,5 faiz təşkil edəcək”.

Bu məlumatı Rusiya KİV-ləri yayıb. Üstəlik, böhran neftin yüksək qiymətləri fonunda dərinləşir. Ekspertlər əmindirlər ki, əgər dünya bazarında neft qiymətləri sabitləşərsə, Rusiya iqtisadiyyatı “staqflyasiya mərhələsinə daxil ola bilər”. Jurnalistlərin “Rusiya Davosu” adlandırdıqları Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu Rusiya hakimiyyəti üçün son dərəcə əlverişsiz şəraitdə işə başlayıb.

Bir gün əvvəl Ukraynanın pilotsuz uçuş aparatları neft terminalına və Kronştadt hərbi gəmiqayırma zavoduna zərbələr endirib. Bu fonda Kremlin rəsmilərinin Rusiyanın “tam iqtisadi suverenliyi” ilə bağlı bəyanatları əsasən təbliğat xarakteri daşıyır. Bundan əvvəl “Reuters” agentliyi “vəziyyətlə yaxından tanış olan mənbələrə” istinadən xəbər vermişdi ki, Rusiyanın iri biznes nümayəndələri “iqtisadiyyatın çökə biləcəyini əsas gətirərək Vladimir Putini müharibəni dayandırmağa çağırıblar”.

Rusiya Prezident Administrasiyası rəhbərinin müavininin bəyanatından belə nəticə çıxır ki, Kreml bu təklifi qəbul etməyib. Dövlət Dumasında Kommunist fraksiyasının rəhbəri Gennadi Züqanov hökumət qarşısında sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması vəzifəsini qoyub. Əks halda, onun proqnozuna görə, payızda “1917-ci il hadisələri təkrarlanacaq”. Belə olacağı təqdirdə isə heç bir BRİKS Rusiyanı xilas edə bilməyəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BRİKS   Rusiya   Oreşkin  


Bizi "telegram"da izləyin