Qlobal Silahlanma Yarışında Yeni Era: 2026-cı İlin “Mislisiz” Hərbi Balansı

2026/05/1780131542.jpg
Oxunub: 827     12:52     30 May 2026    
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun yeni “Hərbi Balans 2026” hesabatı regionlar və əməliyyat sahələri üzrə hərbi balansı formalaşdıran əsas inkişaflara yeni baxış təqdim edir və dəyişikliklərin misli görünməmiş miqyasını və sürətini vurğulayır.

ABŞ: Müdafiə və hərbi prioritetlərin yenidən müəyyənləşdirilməsi

Hesabatda qeyd olunur ki, Donald Trampın ikinci administrasiyası dövründə ölkə ərazisinin müdafiəsi və daxili təhlükəsizlik prioritetə çevrilib.

ABŞ Silahlı Qüvvələri narkotiklərlə mübarizə əməliyyatlarında ölkə hüdudlarından kənarda daha fəal rol oynamağa başlayıb. Eyni zamanda sərhəd təhlükəsizliyi və daxili hüquq-mühafizə orqanlarına dəstək istiqamətində fəaliyyətini genişləndirib.

Bununla yanaşı, Çin, Rusiya və Şimali Koreyadan qaynaqlanan nüvə və adi raket təhdidlərinin artması administrasiyanı “Qızıl Günbəz” adlı milli raketdən müdafiə təşəbbüsünü irəli sürməyə sövq edib.

Müəlliflər xəbərdarlıq edirlər ki, “belə bir qalxanın həyata keçirilməsinin mümkün olub-olmadığı qeyri-müəyyəndir”.

Onların fikrincə, layihə reallaşarsa, ABŞ-nin milli raketdən müdafiə sistemi məhdud sayda uzaqmənzilli təhdidlərə qarşı nəzərdə tutulmuş mövqedən çıxaraq dolayısı ilə nüvə silahına malik böyük dövlətlərə qarşı yönəlmiş sistemə çevriləcək.

Arktikada Rusiya və Çinin fəaliyyətinin artması ABŞ-nin diqqətini yenidən bu regiona yönəldib.

Hesabatda ABŞ Şimal Komandanlığı və NORAD rəhbəri general Qreqori Gilyotun sözlərinə istinad edilir: “Buzqıran gəmilər baxımından vəziyyətimiz acınacaqlıdır” və “biz tamamilə say üstünlüyü ilə üz-üzəyik”.

Sənəddə qeyd olunur ki, ABŞ Sahil Mühafizəsi son 25 ildə ilk yeni buzqıran gəmisini istismara qəbul edib.

Vaşinqton həmçinin Finlandiya ilə anlaşma memorandumu imzalayıb. Bu sənəd Arktika Təhlükəsizlik Gəmilərindən 11 ədədin tikintisinə icazə verir. Onlardan dördü Finlandiyada, yeddiyə qədəri isə ABŞ gəmiqayırma zavodlarında inşa olunacaq.

Məqsəd xüsusilə Rusiya ilə müqayisədə buzqıran çatışmazlığını azaltmaqdır.

Vaşinqton hərbi baxımdan müstəqil Avropa istəmir

Hesabata görə, Tramp administrasiyasının ABŞ xarici siyasətində ən aydın dəyişiklikləri Avropada hiss olunub. Vaşinqton müttəfiqlər arasında məsuliyyət bölgüsünün artırılmasını, praktiki olaraq isə məsuliyyətin Avropaya ötürülməsini tələb edib.

ABŞ hesab edir ki, qitənin adi silahlarla müdafiəsinə və Ukraynaya dəstəyin davam etdirilməsinə görə əsas məsuliyyət Avropanın üzərinə düşməlidir. Eyni zamanda Tramp Hind-Sakit okean regionundakı müttəfiqlərdən Çinə qarşı çəkindirmənin gücləndirilməsi üçün müdafiə xərclərini artırmağı tələb edib.

Region ABŞ üçün əsas strateji istiqamət olaraq qalır və ölkə burada hərbi mövcudluğunu yeni yerləşdirmələr vasitəsilə genişləndirməkdə davam edir. Hesabatda ABŞ Hərbi Dəniz Qüvvələrinin Çinlə müqayisədə nisbi zəifləməsi də vurğulanır.

Bunun əsas səbəbləri gəmi tikintisində davamlı gecikmələr və sənaye imkanlarının yetərsizliyi kimi göstərilir. Sənəddə qeyd olunur ki, 2026-cı ildə qlobal müdafiə xərclərinin əsas hərəkətverici qüvvəsi məhz ABŞ ola bilər.

Buna səbəb 1,01 trilyon ABŞ dolları həcmində rekord maliyyə ili 2026 hərbi büdcəsinin təklif edilməsidir. Bu, 2025-ci maliyyə ilindəki cüzi real azalmadan sonra illik müqayisədə 13,4 faiz artım deməkdir.

Müəlliflər bu rəqəmə çatmaq üçün mürəkkəb qanunvericilik prosedurlarının həyata keçirildiyini vurğulayırlar. Buraya 150 milyard ABŞ dolları həcmində əlavə uzlaşdırma paketinin daxil edilməsi də daxildir.

Eyni zamanda belə yüksək xərcləmə səviyyələrinin uzunmüddətli maliyyə dayanıqlığı ilə bağlı narahatlıqlar da qeyd olunur.

Avropa: Yenidən silahlanma sürətlənir, lakin gələcək qeyri-müəyyəndir

Qlobal müdafiə xərclərinin 2024-cü ildəki 2,48 trilyon ABŞ dollarından 2025-ci ildə 2,63 trilyon ABŞ dollarına yüksəlməsində əsas rolu Avropa və Yaxın Şərq oynayıb.

Avropada hərbi büdcələr real ifadədə 13 faiz artıb. Qitənin qlobal müdafiə xərclərindəki payı 2022-ci ildəki 17 faizdən 2025-ci ildə 21 faizə yüksəlib. Almaniya bu artımın təxminən dörddə birini təmin edib.

Ölkədə “borc əyləci” mexanizminin islahatından sonra 2025-ci il müdafiə büdcəsi 107,3 milyard ABŞ dollarına çatıb ki, bu da 2021-ci illə müqayisədə iki dəfə çoxdur. Bu göstəricinin 2026-cı ildə 136,8 milyard ABŞ dollarına, 2029-cu ildə isə 188 milyard ABŞ dollarına və ya ÜDM-in 3,2 faizinə yüksələcəyi proqnozlaşdırılır.

Beləliklə, hesabatın qeyd etdiyi kimi, Almaniya “sürətlə regionun ən böyük xərcləyicisinə çevrilir”. O, daha sərt maliyyə məhdudiyyətləri ilə üzləşən Böyük Britaniya və Fransanı geridə qoyur. Londonda müdafiə xərclərinin 2027-ci ilə qədər ÜDM-in 2,4 faizindən 2,6 faizinə qaldırılması xarici inkişaf yardımlarının azaldılması hesabına mümkün olub.

Parisdə isə büdcə kəsirini nəzarətdə saxlamaq üçün ümumi xərclər azaldılsa da, müdafiə büdcəsi ÜDM-in 2,25 faizinə qədər artırılıb. Bu, real ifadədə 8,9 faiz artım deməkdir.

Müəlliflər hesab edirlər ki, əgər bu ölkələr 2035-ci ilə qədər NATO-nun ÜDM-in 5 faizi həcmində müdafiə xərci hədəfinə çatmaq istəsələr, daha ciddi maliyyə düzəlişləri tələb olunacaq.

Müəlliflər Avropada artan müdafiə xərcləri ilə bağlı üç əsas tendensiyanı qeyd edirlər. Birincisi, vençur kapitalının Avropa müdafiə sektoruna daha çox daxil olması, bir sıra müdafiə sahəsində fəaliyyət göstərən milyard dollarlıq şirkətlərin meydana çıxması və bu istiqamətdə əlavə artım potensialıdır.

İkincisi, milli büdcələrin getdikcə daha böyük hissəsinin kosmik imkanların inkişafına yönəldilməsidir. Bu sahədə Almaniya və Fransa ön sıradadır. Üçüncüsü isə müdafiə xərclərinin artmasının koordinasiyaya olan ehtiyacı gücləndirməsidir.

Bu, Avropa İttifaqının müdafiə siyasətində rolunun artmasına gətirib çıxarıb. Bunun nümunəsi olaraq milli müdafiə satınalmaları üçün 150 milyard avro həcmində Avropa İttifaqı zəmanətli kreditlər təqdim edən SAFE proqramı göstərilir.

Beləliklə, müəlliflər qeyd edirlər ki, Avropa “pisləşən təhlükəsizlik mühitinə” cavab verir və 2025-ci il Haaqa Sammitində müəyyən edilmiş müdafiə xərcləri öhdəliklərinə doğru irəliləyir. Lakin onlar xəbərdarlıq edirlər ki, bu tendensiyanın davamlılığı hələ sınaqdan keçməyib.

Məqsədlərə çatmaq üçün uzunmüddətli investisiyalar və mülki-hərbi münasibətlərin daha dərin transformasiyası tələb olunacaq. Bu prosesə hətta məcburi hərbi xidmətin bərpası da daxil ola bilər. Müəlliflərin fikrincə, belə addımlar artan maliyyə təzyiqləri şəraitində davamlı siyasi iradə və ictimai dəstək tələb edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Beynəlxalq-Strateji-Araşdırmalar-İnstitutu   Hərbi-Balans-2026  


Bizi "telegram"da izləyin