Gürcüstan payızda gözlənilən böyük diplomatik sınaqdan necə keçəcək?

2026/06/1780596232.jpg
Oxunub: 204     22:04     04 İyun 2026    
“Gürcüstanın xarici siyasəti daxili siyasətin iki məqsədinə xidmət edir: ölkənin ərazi bütövlüyünün bərpası və əhalinin rifahının yüksəldilməsi. Buna görə də əgər xarici siyasətin meyarı mənəviyyatdırsa, Gürcüstan üçün mənəvi olan xarici siyasət bizi həmin məqsədlərə yaxınlaşdıran, eyni zamanda ölkəni müharibə və xaosa sürükləməyən siyasətdir”.

Bu barədə iyunun 4-də Dayanıqlı Regional İnkişaf Konfransında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib. Onun sözlərinə görə, “Gürcü Arzusu” hökumətinin “realist siyasəti beynəlxalq siyasətin prinsiplərini anlayanlar üçün başadüşüləndir”.

İyunun 2-də ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı konqresmen Co Uilsonun sualını cavablandırarkən Gürcüstanla əməkdaşlığın perspektivlərinə toxunub. Sonuncu Gürcüstan hökumətinin “İranyönlü” siyasət həyata keçirməsindən və “kommunist Çinlə əlaqələri dərinləşdirməsindən” narahatlığını ifadə edib.

ABŞ dövlət katibi sadalanan problemlərin həqiqətən narahatlıq doğurduğu ilə razılaşıb, lakin bildirib ki, Vaşinqton “nələrin edilməli olduğunu aydın şəkildə izah edib”. Rubionun sözlərinə görə, Gürcüstan hökuməti “ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istəklərini nümayiş etdirən bir sıra addımlar atıb”.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze konqresmen Uilsonun ittihamlarına sərt reaksiya verib. O, İranla əməkdaşlıq iddialarını “uydurma ittiham” adlandırıb və bəyan edib ki, “Gürcüstan hökuməti payız imtahanına saxlanıla biləcək məktəbli deyil”.

Görünür, bununla o, ABŞ dövlət katibinin Vaşinqtonun rəsmi Tbilisinin “nə etməli olduğunu müəyyənləşdirdiyi” barədə fikrinə cavab verib. Bununla belə, Kobaxidze ABŞ ilə əməkdaşlığın bərpasına sadiq olduqlarını bir daha təsdiqləyib, lakin əlavə edib ki, “mövcud problemlərin məsuliyyəti əvvəlki administrasiyanın üzərinə düşür”.

Mövcud vəziyyətdə ərazi bütövlüyünün bərpasını Gürcüstanın xarici siyasətinin əsas məqsədi elan edən “Gürcü Arzusu” hökuməti açıq şəkildə siqnal verir ki, Rusiya ilə münasibətləri birtərəfli güzəştlər hesabına normallaşdırmaq niyyətində deyil. Lakin Tbilisi müharibəyə “cəlb olunmaq” ehtimalına qarşı son dərəcə ehtiyatlı davranır və buna görə də Avropa İttifaqı və ABŞ ilə münasibətlərdə müəyyən “məsafə saxlamağa” çalışır.

İrakli Kobaxidze bəyan edib ki, Bayden administrasiyası Gürcüstana “yerinə yetirilməsi mümkün olmayan tələblər” irəli sürüb. Senatdakı dinləmələr zamanı dövlət katibi Rubio daha ətraflı açıqlama verərək bildirib ki, Gürcüstan münasibətlərin yaxşılaşdırılması üçün nə etməli olduğunu soruşub. “Biz cavab verdik və ümid edirik ki, bu əsasda irəli gedə bilərik və bəlkə də təkcə Gürcüstanla münasibətlərimizin istiqamətini deyil, onların davranışını da dəyişə bilərik”, - deyə Rubio qeyd edib.

Gürcüstanın sualı aydın və başadüşüləndir. ABŞ-ın buna nə cavab verdiyi isə məlum deyil. Yəqin ki, yaxın vaxtlarda Tbilisinin münasibətlərin yaxşılaşdırılması naminə verməli olduğu “payız imtahanının” nədən ibarət olduğunu təxmin etmək mümkün olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   ABŞ  


Bizi "telegram"da izləyin