“Kuasar Marin”in KM-F148 Layihəsi: Türkiyənin Ara Sinfə Məxsus Freqat Həllidirmi?

2026/06/1781719071.jpg
Oxunub: 208     22:16     17 İyun 2026    
“Kuasar Marin” tərəfindən təqdim edilən 5500 tonluq KM-F148 hava hücumundan müdafiə freqatı konsepsiyası Türkiyə Hərbi Dəniz Qüvvələrinin strateji modernləşmə prosesində yaranan mühüm boşluğu doldurmaq potensialı ilə diqqət çəkir. Bu konsepsiya ölkənin yerli və milli müdafiə sənayesi hədəfləri çərçivəsində mövcud və planlaşdırılan freqat sinifləri arasındakı “ara sinif” ehtiyacına cavab verə biləcəkmi sualını gündəmə gətirir.

Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının döyüş qabiliyyətini yerli və milli imkanlar hesabına təmin etmək məqsədilə həm platformalar, həm də silah və sensor sistemləri sahəsində mühüm məhsulları xidmətə qəbul edir. Bu işlərin nəticəsində ortaya çıxan 2300 ton subasımı qabiliyyətinə malik MİLGEM “Ada” sinfinə məxsus korvetlər hazırda inventarda aktiv xidmətlərini davam etdirirlər. Bir üst sinifdə yer alan 3100 tonluq MİLGEM İstif sinfinə məxsus freqatların birincisi xidmətə qəbul olunub, digərlərinin isə təchizat və sınaq fəaliyyətləri davam edir. Yaxın gələcəkdə “Tepe sinfi” adlandırılan və ilk gəmisinin inşasına başlanılan TF2000 layihəsinin gəmiləri isə 8500 ton ağırlığında olacaq.

Məhz bu nöqtədə İstif sinfinə məxsus freqatlarla “Tepe” sinfinə məxsus esmineslər arasında Türkiyənin ara sinfə məxsus freqat ehtiyacının olduğu görünür. İstif sinfinə məxsus gəmilər 16 şaquli buraxılış qurğusu ilə məhdud ərazidə hava hücumundan müdafiə təmin etdiyi halda, “Tepe” sinfinə məxsus gəmilər 96 şaquli buraxılış qurğusu ilə uzun mənzildə həm hava hücumundan müdafiə, həm də zərbə sursatlarından istifadə edə biləcək. Bu iki sinif arasında həm tonnaj, həm də imkanlar baxımından nəzərəçarpan boşluq formalaşır.

Bir neçə gün əvvəl “Kuasar Marin” tərəfindən dizaynı təqdim edilən KM-F148 konsepsiyası 5500 ton ağırlığı, sensor və silah təchizatı ilə kifayət qədər diqqətçəkicidir. 48 şaquli buraxılış qurğusu tutumu və təchiz ediləcəyi idarəolunan raketlərlə bu iki sinfin tam ortasında mövqe tutaraq sözügedən boşluğu doldurmağı hədəfləyir. Bunun sayəsində KM-F148 “İstif” sinfinin imkanlarının yetərsiz qalacağı, “Tepe” sinfinin isə tələb olunandan artıq imkanlara malik olacağı tapşırıqlar üçün uyğun həll kimi ön plana çıxır.

“Kuasar Marin”in KM-F148 hava hücumundan müdafiə freqatı konsepsiyası Türkiyə Hərbi Dəniz Qüvvələrinin gələcək əməliyyat çevikliyini və çəkindirmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq potensialına malikdir. Bu konsepsiyanın yerli və milli imkanlarla həyata keçirilməsi Türkiyənin dənizlərdəki gücünə yeni ölçü qata bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuasar-Marin   KM-F148   Türkiyə  


Bizi "telegram"da izləyin