Döyüş Meydanında Minimal Xərc, Maksimal Zərər: Kamikadze tipli PUA-ların Logistik Gücü (FOTOLAR)

2026/06/1781723626.jpg
Oxunub: 295     23:14     17 İyun 2026    
Kamikadze tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) Logistik Üstünlükləri: Bu məqaləmizdə müasir müharibələrdə döyüş meydanında geniş istifadə olunmağa başlayan kamikadze tipli PUA-ların niyə üstün tutulduğunu onların logistik üstünlüklərini nəzərdən keçirərək izah edəcəyik. Eyni zamanda Türkiyənin kamikadze tipli PUA istehsalı sahəsində ortaya qoyduğu məhsullardan da bəhs edəcəyik.

Müasir müharibələrdə artıq yalnız hədəfi vurmaq deyil, həmin hədəfə nə qədər ucuz, sürətli və asan çatmağın mümkün olması da vurulan zərər qədər əhəmiyyətli amilə çevrilib. Xüsusilə son illərdə başda Rusiya-Ukrayna müharibəsi olmaqla müxtəlif əməliyyat bölgələrində tez-tez qarşımıza çıxan kamikadze tipli PUA-lar müasir müharibə doktrinalarının mühüm simvollarından birinə çevrilib. Geri qayıtması nəzərdə tutulmayan bu insansız sistemlər yalnız taktiki deyil, həm də logistik baxımdan ciddi üstünlüklər təqdim edir. Az sayda şəxsi heyətlə idarə oluna bilmələri, saxlanma və daşınma rahatlığı, aşağı xərc ilə istehsal edilmələri, təchizat problemi yaşamamaları kimi səbəblərə görə kamikadze tipli PUA-lar artıq bir çox ordunun arsenalında yer alır.


Klassik sursatlarla müqayisədə kamikadze tipli PUA-ların üstünlükləri

Aşağı xərc: Kamikadze tipli PUA-ların ən böyük üstünlüklərindən biri aşağı xərcə malik olmasıdır. Məsələn, “Bayraktar” TB2-dən buraxılan 22 kq ağırlığında MAM-L sursatının vahid qiyməti hər kiloqram üçün təxminən 2 min ABŞ dolları təşkil edir (44 min ABŞ dolları). Halbuki orta səviyyəli bir kamikadze tipli PUA-nın qiyməti döyüş başlığı ilə birlikdə təxminən 200-400 min türk lirəsi arasındadır. Bu qiymət fərqi, mənzilin imkan verdiyi hallarda kamikadze tipli PUA-ların seçilməsində mühüm meyarlardan biridir.

Kütləvi istehsala uyğunluq: Sadə quruluş, modul komponentlər və qabaqcıl 3D istehsal texnologiyaları sayəsində kamikadze tipli PUA-lar kütləvi istehsala son dərəcə uyğun sistemlərdir. Həssas hədəfləmə sistemləri istisna olmaqla, mürəkkəb texnologiyalar tələb etmirlər. Bu isə ölkələrin qısa müddətdə çoxlu sayda PUA istehsal etməsinə imkan yaradır və sursat ehtiyatlarının sürətlə yenilənməsini təmin edir.

Daşınma və saxlanma rahatlığı: Klassik raket və ya raket sistemi xüsusi daşınma konteynerləri, ciddi təhlükəsizlik tədbirləri və böyük sahələr tələb etdiyi halda, kamikadze tipli PUA-lar daha kompakt, yüngül və qatlana bilən konstruksiyaları ilə seçilir. Bu xüsusiyyət onların quru nəqliyyat vasitələri, gəmilər, təyyarələr və hətta səngərlər daxilində belə rahat daşınmasına imkan verir. Xüsusilə mobil müharibə şəraitində bu hərəkətlilik böyük üstünlük yaradır.


Baxım və dəstək tələbatının azlığı: Kamikadze tipli PUA-lar “birdəfəlik istifadə” prinsipi ilə yaradıldıqları üçün ümumiyyətlə texniki xidmətə ehtiyac duymurlar. Bu isə döyüş zamanı texniki xidmət heyətinin yükünü azaldır və logistik xəttin sadələşməsini təmin edir. Bundan əlavə, yanacaq təchizatı və proqram təminatının yenilənməsi kimi əməliyyatlara ehtiyac olmadığından təchizat müddətləri minimuma enir. Bu da döyüşə hazırlıq müddətini qısaldaraq ordunun daha sürətli hərəkət etməsinə imkan verir.

Kamikadze tipli PUA-ların istifadə edildiyi müharibələr

Kamikadze tipli PUA-lar xüsusilə aşağı xərc ilə düşmənə maksimum zərər vurmaq məqsədi ilə formalaşan müasir müharibə doktrinalarının mühüm hissəsinə çevrilib. Xüsusilə 2020-ci ildə baş vermiş Qarabağ müharibəsində Azərbaycan tərəfindən istifadə edilən İsrail istehsalı “Harop” sistemi bir çox erməni hava hücumundan müdafiə sistemini məhv edib. İkinci Qarabağ müharibəsi kamikadze tipli PUA-ların müasir döyüş meydanlarında geniş tətbiq olunması baxımından dönüş nöqtəsi hesab edilə bilər. Bundan əlavə, kiçik ölçülərinə görə radarlar tərəfindən aşkarlanmasının çətin olması səbəbindən onlar bu gün hava hücumundan müdafiə sistemlərinin ən ciddi təhdidlərindən birinə çevriliblər.

Kamikadze tipli PUA-nı idarə edən ukraynalı əsgər. Kamikadze tipli PUA-ları idarə etmək digər hava vasitələri ilə müqayisədə daha asandır və onlar pult vasitəsilə döyüş meydanından idarə oluna bilir.


2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsində də kamikadze tipli sistemlər ön plana çıxıb. Rusiya əsasən İran istehsalı “Shahed-136” PUA-larından istifadə edərək, xüsusilə Kiyev olmaqla infrastruktur və anbar obyektlərinə zərbələr endirib. Ukrayna isə Qərb dəstəyi ilə əldə etdiyi kamikadze tipli PUA-lardan istifadə edərək döyüş bölgələrində Rusiya bölmələrinə qarşı qəfil hava hücumları təşkil edib.


İran isə İsraillə yaşadığı böhran zamanı cavab tədbiri olaraq İsrailə qarşı yüzlərlə “Shahed-136” göndərmişdi. Lakin bu hücumlar o qədər də effektiv olmayıb və əksər hallarda PUA-lar boş ərazilərə düşüb. Buna baxmayaraq, bu hadisə kamikadze tipli PUA-ların qeyri-adi uzun mənzillərdə istifadəsinin ilk nümunələrindən biri kimi yadda qaldı və İranın kamikadze tipli PUA imkanları barədə müəyyən təsəvvür yaratdı.

Türkiyənin hazırladığı bəzi kamikadze tipli PUA sistemləri

Bu bölmədə Türkiyənin bu sahədə hazırladığı bəzi platformalara nəzər salacağıq. “Bəzi” deyirik, çünki istehsalı nisbətən asan olan kamikadze tipli PUA-ların Türkiyədə çoxlu sayda istehsalçısı mövcuddur. Biz isə əsasən daha çox tanınan məhsullara toxunacağıq.

Türkiyədə kamikadze tipli sistemlər sahəsində uzun illərdir fəaliyyət göstərən əsas şirkətlər TUSAŞ, “Baykar” və STM-dir. Bu şirkətlərin məhsullarını ardıcıllıqla nəzərdən keçirəcəyik.

STM - ALPAGU və KARGU


STM ALPAGU


ALPAGU sabit qanadlı quruluşa malikdir və təxminən 10 km-dən az fəaliyyət radiusuna, 15 dəqiqədən az uçuş müddətinə malikdir. Təxminən 0,3 kq-dan az döyüş başlığı daşıyır.

KARGU isə fırlanan qanadlı (multikopter) quruluşu ilə xüsusilə yüksək dağlıq ərazilərdə üstünlük təşkil edir. 5-10 km arasında mənzilə və 30 dəqiqədən az uçuş müddətinə malik olan KARGU təxminən 1,4 kq piyada əleyhinə və 1 kq zirehdələn döyüş başlığı daşıya bilir.

Bundan əlavə, mediada çox yer almasa da, STM tərəfindən hazırlanmış TOGAN, BOYGA və ALPAGUT kimi sistemlər də mövcuddur.

“Baykar”-KAGEM


“Baykar” tərəfindən istehsal edilən reaktiv mühərrikli “Kemankeş” ilk baxışdan qanadlı raket təsiri bağışlasa da, şirkət tərəfindən kamikadze tipli PUA kimi də təqdim olunur. Təxminən 200 kilometr mənzilə malik olan bu sistem əsasında hazırlanmaqda olan KAGEM V3-ün (Kanatlı Gezen Mühimmat Versiyon 3) 30 kq ağırlığındakı “Kemankeş”dən daha ağır və daha böyük döyüş başlığına malik olması planlaşdırılır.

Lakin qeyd etmək lazımdır ki, reaktiv mühərrikə və mürəkkəb quruluşa malik olan bu məhsul məqalədə bəhs edilən logistik üstünlüklərlə tam uyğunluq təşkil etmir.

TUSAŞ-“Şimşek”


Əslində ilkin olaraq hədəf təyyarə kimi hazırlanmış “Şimşek” PUA-sının kamikadze tipli versiyası da hazırlanıb. TUSAŞ-ın ifadəsi ilə desək, vurulmaqdan yorulub vurmağa başlayan “Şimşek” PUA-sı reaktiv mühərrikə malik olması, 120 km mənzilə və 45 dəqiqə havada qalma müddətinə sahib olması ilə diqqət çəkir.

Səbrlə oxuduğunuz üçün təşəkkür edirik.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Kamikadze   STM   Baykar   TUSAŞ  


Bizi "telegram"da izləyin