Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Hesabatda yer alan Kiprə dair əsassız və ədalətsiz qiymətləndirmələr, Yunanıstanın maksimalist tələblərinə verilən dəstək və Kipr məsələsindəki qərəzli mövqe hesabatın nə dərəcədə tərəfli hazırlandığını açıq şəkildə göstərir", - o yazıb.
B. Duranın fikrincə, sözügedən hesabat konstruktiv dialoqa deyil, bölünməyə xidmət edir:
"Türkiyə-Avropa İttifaqı münasibətlərinin ortaq maraqlar zəminində irəliləməsinə töhfə verməsi gözlənilən dairələrin qərəzlər əvəzinə, reallıqları, siyasi təhriklər əvəzinə, ədaləti əsas götürən konstruktiv yanaşma nümayiş etdirməsi ən doğru yol olacaq".
Qeyd edək ki, AP tərəfindən 2025-ci il üçün Türkiyə hesabatı qəbul edilib. Hesabatda Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük prosesinə mənfi təsir göstərən əsas çatışmazlıqları hələ də aradan qaldırmadığı vurğulanıb. AP həmçinin Ankaranı Yunanıstan və Kipr kimi Aİ-yə üzv dövlətlərin suveren hüquqlarını pozmaqda ittiham edib.
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) sözgedən hesabatla bağlı bəyanat yayaraq onun qərəzli olduğunu diqqətə çatdırıb və Aİ-Türkiyə münasibətlərinin müsbət irəliləyişini əngəlləmək məqsədi daşıdığı vurğulanıb.
"AP-dən gözləntimiz odur ki, qlobal çağırışların artdığı indiki şəraitdə namizəd ölkə Türkiyə ilə Aİ arasındakı münasibətlərin ortaq maraqlar əsasında, konstruktiv müstəvidə inkişaf etdirilməsinə töhfə verəcək yanaşma nümayiş etdirsin", - XİN-in bəyanatında qeyd edilib.
Ordu.az