Almaniya və Polşa müdafiə sahəsində yeni əməkdaşlıq sazişi imzalayıblar

2026/06/1781727352.jpg
Oxunub: 170     00:09     18 İyun 2026    
Almaniya və Polşa hərbi əməkdaşlığın gücləndirilməsinə yönəlmiş yeni müdafiə sazişi imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, saziş çərşənbə günü imzalanıb və tərəflər arasında hərbi qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini nəzərdə tutur. Sənəd Rusiya ilə gərginliyin artdığı və ABŞ-nin Avropanın təhlükəsizliyində gələcək roluna dair qeyri-müəyyənliyin davam etdiyi bir dövrdə qəbul olunub.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Varşavada Almaniyanın müdafiə naziri Boris Pistorius ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, tərəflər keçmişi unutmurlar, lakin gələcəyin siyasəti, inkişafı və təhlükəsizliyi onların əsas vəzifəsidir.

Saziş Baltik dənizi regionunun müdafiəsi, hərbi mobillik, infrastruktur, kibertəhlükəsizlik və yeni texnologiyalar sahəsində əməkdaşlığı əhatə edir. Sənəddə Belarus və Rusiya ilə sərhədlərdə Polşanın müdafiə layihələrinin inkişafına, o cümlədən “Şərq Qalxanı” istehkam sisteminə xüsusi diqqət ayrılıb.

Bununla yanaşı, sənəd hökumətlərarası xarakter daşıyır və Fransa və Böyük Britaniya ilə imzalanmış bəzi ikitərəfli müqavilələrdən fərqli olaraq qarşılıqlı müdafiə öhdəliklərini əhatə etmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Polşa  


Bizi "telegram"da izləyin