İSO 500 siyahısında müdafiə sənayesi ilk onluğa damğa vurub

2026/06/1781725773.jpg
Oxunub: 234     23:45     17 İyun 2026    
İstanbul Sənaye Palatası Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi üzrə 2025-ci il araşdırmasının nəticələrini açıqlayıb.

Ordu.az xəbər verir ki, istehsaldan əldə olunan satış həcminə görə hazırlanan siyahıda TÜPRAŞ 698,8 milyard lirə ilə yenidən Türkiyənin ən böyük sənaye müəssisəsi olub.

Siyahıda ikinci yerdə 538,3 milyard lirə ilə “Ford Otomotiv”, üçüncü yerdə isə 327,9 milyard lirə ilə “Star Rafineri” qərarlaşıb.

2025-ci ilin nəticələrində ən diqqətçəkən məqamlardan biri müdafiə sənayesi şirkətlərinin yüksəlişi olub. İSO 500 tarixində ilk dəfə olaraq iki müdafiə sənayesi şirkəti ilk onluqda yer alıb.

TUSAŞ istehsaldan satış həcmini 140,9 milyard lirəyə çatdıraraq dörd pillə yüksəlib və yeddinci sıraya yerləşib. ASELSAN isə səkkiz pillə irəliləyərək 130,2 milyard lirəlik satış göstəricisi ilə doqquzuncu yeri tutub.

Bununla yanaşı, ilk 25 şirkət arasında ilk dəfə dörd müdafiə sənayesi müəssisəsi yer alıb. İSO-nun sədri Erdal Baxçıvanın açıqladığı məlumatlara görə, İSO 500 şirkətlərinin fəaliyyət mənfəəti 2025-ci ildə 57,1 faiz artaraq 641 milyard lirədən 1 trilyon lirəyə yüksəlib.

Siyahıya daxil olan müəssisələrin ümumi istehsal satışları 28 faiz artaraq 8,7 trilyon lirədən 11,1 trilyon lirəyə çatıb. Türkiyənin ən böyük 500 sənaye müəssisəsinin ümumi ixracı isə 8,4 faiz artaraq 104,7 milyard dollara yüksəlib.

Avtomobil və müdafiə sənayesinin təsiri nəticəsində “quru və dəniz nəqliyyat vasitələri və yardımçı sənaye” sektoru ilk dəfə 19,5 faiz payla ən böyük sənaye sahəsinə çevrilib.

Araşdırma və inkişaf xərcləri 31,4 faiz artaraq 79,7 milyard lirəyə yüksəlib, bu sahədə fəaliyyət göstərən şirkətlərin sayı isə 273-ə çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İSO-500   Türkiyə  


Bizi "telegram"da izləyin