Britaniyada vəziyyət

Könüllü gənclik proqramları və daşına bilən bacarıqlar
Britaniyada “Army Cadet Force” (ACF) kimi strukturlar 12-18 yaş aralığındakı gəncləri hədəfləyir və birbaşa hərbi xidmət təqdim etmir. Bu cür proqramların əsas məqsədi gənclərə liderlik, komanda işi, qərarvermə kimi bacarıqlar qazandırmaq və onların ictimai iştirakını artırmaqdır. Eyni zamanda həm ehtiyat quru qoşunları, həm də dəniz qüvvələri universitetlərdə təhsil alan tələbələrə həftədə bir və ya iki gün qoşula biləcəkləri könüllü zabit hazırlığı proqramları təqdim edir. Bu təlimlərin sonunda tələbələr döyüş əməliyyatlarına göndərilməyən zabit namizədləri kimi məzun ola bilirlər.
Məsələn, ACF-nin “Why Join the Army Cadets” bölməsində belə deyilir: “You will learn a wide range of transferable skills … including the ability to command tasks, make decisions under pressure, plan and organise tasks, and work effectively as an individual and a team player”.
“Tapşırıqları idarə etmək, təzyiq altında qərar qəbul etmək, işləri planlaşdırmaq və təşkil etmək, həm fərdi şəkildə, həm də komanda üzvü kimi səmərəli fəaliyyət göstərmək bacarığı da daxil olmaqla geniş çeşiddə daşına bilən bacarıqlar əldə edəcəksiniz”.
Bundan əlavə, proqram çərçivəsində iştirakçıların “ulduz səviyyələri” üzrə irəlilədiyi sistem, açıq hava fəaliyyətləri, liderlik təlimləri və digər tətbiqlər də mövcuddur. Bu modellərin gənclər üçün dəyərli olmasının əsas səbəbi iş və ya təhsil həyatına başlamazdan əvvəl əldə edilə bilən daşına bilən bacarıqlar təqdim etməsidir.
Məcburi hərbi xidmət yoxdur, lakin kadr çatışmazlığı mövcuddur

“Britaniya ordusunda ciddi personal çatışmazlığı mövcuddur və bu vəziyyət son dövrlərdə hərbi xidmətə qəbulun 38 faiz azalması və əvvəlkindən daha çox sayda şəxsin xidmətdən ayrılması ilə daha da ağırlaşıb”.

Britaniyada məcburi hərbi xidmət sistemi böyük ölçüdə ləğv olunub. Digər tərəfdən, hərbi personalın cəlb olunması və xidmətdə saxlanılması sahəsində çətinliklərin olduğu ictimaiyyət arasında geniş müzakirə olunur. Bu baxımdan könüllü gənclik proqramlarının “ilkin mərhələ” rolunu oynaya biləcəyi qiymətləndirilir.
Bu kontekstdə Britaniyada gənclərin könüllü kadet proqramları vasitəsilə erkən yaşlarda hərbi mədəniyyət və infrastruktura çıxış əldə etməsi həm gənclərin inkişafı, həm də təhlükəsizliklə bağlı potensialın artırılması baxımından imkanlar yaradır. Lakin bu proqramlar nə qədər maliyyələşdirilsə və dəstəklənsə də, tam kifayət hesab edilmir. Bunun əsas səbəbləri arasında hüquq-mühafizə orqanlarına hörmət və rəğbətin Türkiyədəki qədər güclü olmaması, hərbi xidmətin populyar sayılmaması kimi amillər göstərilir.
2023-cü ildə Britaniyada ən azı 3 743 veteranın evsiz olduğu məlumdur.
Türkiyədə vəziyyət

Məcburi hərbi xidmət və gənclik
Türkiyədə kişi vətəndaşlar üçün məcburi hərbi xidmət sistemi hələ də qüvvədədir. Mövcud qanunvericilik çərçivəsində hərbi xidmət müddəti və öhdəliklərlə bağlı müəyyən dəyişikliklər həyata keçirilib. Bu sistemin ictimai rolu gənclər üçün bir “keçid dövrü” kimi qəbul edilə bilər. Xidmət həm vətəndaşlıq borcu, həm də şəxsi təcrübə qazanmaq vasitəsi kimi qiymətləndirilir. Sosial-siyasi baxımdan yanaşdıqda isə bu model Türkiyədə milli kimlik, ictimai məsuliyyət və gənclərin cəmiyyətə inteqrasiyası baxımından dərin köklərə malikdir.
Son dövrlərdə Türkiyədə də məcburi hərbi xidmətin müzakirə mövzusuna çevrilməsi qloballaşmanın gətirdiyi ictimai təsirlərdən biri kimi qiymətləndirilə bilər. Məcburi hərbi xidmət müddətində gənclərin müxtəlif bacarıqlar əldə etməsi mümkün olsa da (intizam, komanda işi, dözümlülük və s.), bu nailiyyətlərin birbaşa gənclərə yönəlmiş könüllü proqramlar kimi sistemli şəkildə təqdim edildiyini söyləmək çətindir. Türkiyədə gənclərin hərbi xidmət xaricində könüllü şəkildə qoşula biləcəyi hərbi mövzulu gənclik proqramları demək olar ki, mövcud deyil.
Bu vəziyyət gənclərin iş və ya təhsil həyatına keçid zamanı əldə edə biləcəyi bacarıqlar baxımından müəyyən imkan boşluğu yaradır.
Niyə “daşına bilən” bacarıqlar vacibdir?
Müasir dövrdə iş dünyası və təhsil müəssisələri gənclərdən yalnız peşəkar bilik deyil, həm də tətbiq edilə bilən bacarıqlar gözləyir: liderlik, ünsiyyət, komanda daxilində işləmək, qərar qəbul etmək və s. Britaniyada kadet proqramlarının məhz bu ehtiyacı qarşılamağa yönəldiyi açıq şəkildə vurğulanır:
“The Army Cadet Syllabus will teach you leadership skills, discipline, and give you self-confidence … you will learn a wide range of transferable skills”.
“Army Cadet” tədris proqramı sizə liderlik bacarıqları, intizam və özünəinam qazandıracaq... siz geniş çeşiddə daşına bilən bacarıqlar əldə edəcəksiniz”.
Türkiyə baxımından bu imkan daha az strukturlaşdırılmış olsa da, gənclərə hərbi xidmətdən sonra iş və ya universitet həyatına keçiddə üstünlük qazandıracaq model yaratmaq imkanı mövcuddur. Başqa sözlə, Türkiyədə gənclik proqramları hərbi xidmətdən əvvəl və ya hərbi xidmət dövrü ilə əlaqəli şəkildə könüllülük və bacarıq qazandırılması istiqamətində genişləndirilə bilər.
Hərbi personal çatışmazlığı və gənclik proqramlarının rolu

Britaniyada məcburi hərbi xidmət olmadığı üçün hərbi xidmətə yönləndirmə daha çevik xarakter daşıyır. Lakin hərbi personal cəlbi üzrə hədəflərə nail olunmaması gənclik proqramlarına yeni funksiyalar qazandıra bilər. Bu proqramlar gənclərin erkən yaşlarda hərbi mədəniyyət, intizam və bacarıqlar əldə etməsinə şərait yaradaraq sonradan hərbi xidmətə keçidi daha rahat edə bilər.
Türkiyədə isə aktiv hərbi qüvvələr böyük olsa da, xüsusilə ixtisaslı heyət, zabit korpusu və texniki strukturlar baxımından yeni iştirakçılara ehtiyac olduğu bildirilir. Bu baxımdan gənclik proqramlarının məcburi hərbi xidmətdən əvvəl gəncləri hazırlamaq və onlara bacarıqlar qazandırmaq baxımından əhəmiyyətli rol oynaya biləcəyi hesab olunur. Türkiyədə hərbi xidməti karyera kimi düşünməyən bir şəxsin bu cür imkanlardan həyatına böyük fasilə vermədən yararlana bilməsi hazırkı şəraitdə mümkün deyil.
Gələcəyə baxış
Türkiyə üçün dövlət sektorunda təcrübə proqramlarının və iş təcrübəsi imkanlarının inkişaf etdirilməsi, daha da vacibi isə onların hamı üçün əlçatan hala gətirilməsi mühüm əhəmiyyət daşıyır. Britaniya və Türkiyənin gənc-ordu münasibətləri modelləri bir-birindən aydın şəkildə fərqlənir. Britaniya könüllülük və bacarıq yönümlü gənclik proqramları üzərindən irəlilədiyi halda, Türkiyədə məcburi hərbi xidmət sistemi hələ də əsas strukturdur.
Türkiyədə məcburi hərbi xidmət, xidmət zamanı rəftar və digər səbəblərdən populyarlığını itirərkən, Britaniyada hərbi xidmət peşə kimi veteranların yaşadığı problemlər və peşəyə hörmətin demək olar ki, tamamilə azalması səbəbindən ciddi şəkildə populyarlığını itirib.
Britaniya modelinin gənclərə qazandırdığı daşına bilən bacarıqlar və könüllülük prinsipi Türkiyədə gənclik proqramları baxımından mühüm başlanğıc nöqtəsi ola bilər. Əlbəttə ki, ənənəvi hərbi xidmət sistemi də öz daxilində ictimai, mədəni və təhlükəsizlik əlaqələri baxımından müəyyən məna daşıyır. Lakin fərqli baxış bucağından qiymətləndirildikdə, gənclərin inkişafı, cəmiyyətlə münasibətləri və karyera keçidləri baxımından könüllü, bacarıq qazandıran modellərin ön plana çıxması və Türkiyədə gənclərin yalnız xidmət göstərən deyil, həm də könüllü iştirakçı kimi mövqeləndirilə bilməsi ehtiyacı böyük əhəmiyyət kəsb edir.
Sevinc Əliyeva
Ordu.az