“GM Defense” və “Lockheed Martin” müdafiə istehsalının sürətləndirilməsi üçün əməkdaşlığa başlayıb

2026/06/1781725723.jpg
Oxunub: 200     23:42     17 İyun 2026    
ABŞ-nin avtomobil istehsalçısı General Motorsun müdafiə bölməsi olan “GM Defense” ilə “Lockheed Martin” şirkəti arasında yeni əməkdaşlıq memorandumu imzalanıb.

Ordu.az xəbər verir ki, tərəflər kritik silah sistemlərinin və müdafiə imkanlarının daha sürətli istehsalı üçün əməkdaşlıq imkanlarını araşdıracaqlar.

Məlumata görə, ABŞ Müharibə Nazirliyi son dövrlərdə avtomobil istehsalçılarını hərbi-sənaye kompleksində daha fəal iştirak etməyə təşviq edir. Bu çərçivədə “General Motors” “Lockheed Martin” ilə tərəfdaşlığa qərar verib.

Əməkdaşlıq çərçivəsində “Lockheed Martin”in hərbi sahədəki təcrübəsi ilə GM-in mühəndislik və istehsal potensialının birləşdirilməsi planlaşdırılır.

Şirkətin açıqlamasına görə, ilkin mərhələdə fəaliyyətlər istehsal hazırlığının sürətləndirilməsi və müdafiə sifarişlərinin qarşılanması üçün sınaqdan çıxmış kommersiya istehsalı metodlarının tətbiqinə yönələcək.

GM əməkdaşlığın üç əsas məqsəd daşıdığını bildirib. Bunlar müdafiə təchizat zəncirlərinin gücləndirilməsi, istehsal və layihələndirmə imkanlarının inkişaf etdirilməsi, eləcə də kommersiya istehsalı infrastrukturundan istifadə etməklə istehsal gücünün artırılmasıdır.

“Lockheed Martin”in əməliyyat direktoru Frank Sent Con bildirib ki, ABŞ-nin təhlükəsizliyi yalnız qabaqcıl texnologiyalar hazırlamaqdan deyil, həm də onları sürətli, etibarlı və genişmiqyaslı şəkildə istehsal etmək qabiliyyətindən asılıdır.

Hazırda tərəfdaşlığın konkret nəticələrinin nədən ibarət olacağı açıqlanmasa da, istehsal sürətinin artırılması və kommersiya istehsal texnologiyalarının müdafiə sənayesinə uyğunlaşdırılması əsas prioritetlər hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: GM-Defense   Lockheed-Martin  


Bizi "telegram"da izləyin