Türkiyə müdafiə sənayesi İSO 500 siyahısında yüksəlişini davam etdirib

2026/06/1781717120.jpg
Oxunub: 203     21:23     17 İyun 2026    
İstanbul Sənaye Palatasının açıqladığı “Türkiyənin 500 Böyük Sənaye Müəssisəsi - 2025” araşdırmasında Türkiyə müdafiə sənayesi şirkətlərinin yüksəlişi diqqət çəkib.

Ordu.az xəbər verir ki, siyahıda TUSAŞ və ASELSAN Türkiyənin ən böyük 10 sənaye müəssisəsi sırasında yer alarkən, ROKETSAN ilk 25 şirkət arasına daxil olub.

TUSAŞ 140,9 milyard lirəlik istehsal satış göstəricisi ilə ötən illə müqayisədə dörd pillə irəliləyərək ölkənin yeddinci ən böyük sənaye müəssisəsinə çevrilib.

Şirkətin baş direktoru Mehmet Dəmiroğlu əldə olunan nəticənin yerli məhsullar, güclü mühəndislik bazası və qabaqcıl texnologiya imkanlarının nəticəsi olduğunu bildirib.

ASELSAN da siyahıda əhəmiyyətli yüksəliş nümayiş etdirərək səkkiz pillə irəliləyib və 130,2 milyard lirəlik istehsal satış həcmi ilə doqquzuncu yeri tutub. Bununla da Türkiyənin ən böyük 10 sənaye müəssisəsi arasında iki müdafiə sənayesi şirkəti yer alıb.

ROKETSAN isə 13 pillə yüksələrək siyahıda 22-ci sıraya çıxıb. Şirkət rəhbərliyi texnoloji imkanların və istehsal gücünün hər il daha da artırıldığını vurğulayıb. Türkiyənin aviasiya mühərrikləri sahəsində aparıcı şirkəti olan TEI də siyahıda 21 pillə irəliləyərək 104-cü yerə yüksəlib.

Ən diqqətçəkən nəticələrdən biri isə MKE-yə məxsus olub. Şirkət son iki ildə 124 pillə irəliləyərək İSO 500 siyahısında 57-ci sıraya yüksəlib. Mütəxəssislərin fikrincə, 2025-ci ilin nəticələri Türkiyə müdafiə sənayesinin təkcə ixrac və texnologiya sahəsində deyil, həm də sənaye istehsalında ölkənin əsas iqtisadi güclərindən birinə çevrildiyini göstərir.

TUSAŞ və ASELSAN-ın ilk onluqda qərarlaşması, ROKETSAN-ın ilk 25-liyə daxil olması, TEI və MKE-nin sürətli yüksəlişi sektorun istehsal gücünün, texnoloji imkanlarının və iqtisadi əhəmiyyətinin artdığını nümayiş etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İSO   500  


Bizi "telegram"da izləyin