“Çox güman ki, Kreml Paşinyana təzyiq göstərəcək” - Zakaryan

2026/06/1781508811.jpg
Oxunub: 210     19:51     15 İyun 2026    
“Parlament seçkiləri taleyüklü idi və anti-milli siyasətin növbəti dəfə yenilənməsi mərhələsinə çevrildi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Ermənistan və ictimai rəyə təsir uğrunda xarici və daxili mübarizə bundan sonra daha hədəfli şəkildə davam edəcək.

“Bu isə Ermənistan ətrafında gərginliyin artacağı, “Vətəndaş Müqaviləsi”nin münaqişə yaradan siyasətinin, ictimai narazılıqların və daxili siyasi mübarizənin daha mürəkkəb xarakter alacağı deməkdir”, - deyə Zakaryan bildirib.

O qeyd edib ki, Ermənistan hakimiyyəti diplomatik kanallar vasitəsilə Nikol Paşinyanın Moskvada qəbul olunmasına çalışacaq.

“Paşinyan hər vasitə ilə razılıq əldə etməyə cəhd göstərəcək, çünki anlayır ki, anti-Rusiya siyasəti ilə uzağa gedə bilməz. Kreml təbii olaraq Avropa layihələrinin dayandırılmasını tələb edəcək, Paşinyan isə bunu “çoxvektorlu siyasət” və “bu sizə qarşı deyil” tezisləri ilə əsaslandırmağa çalışacaq. Razılıq əldə olunması ehtimalı çox aşağıdır, lakin tərəflər diplomatik protokolu qoruyacaqlar”, - deyə o vurğulayıb.

Zakaryan bildirib ki, “Vətəndaş Müqaviləsi” partiyasının Konstitusiyanı dəyişmək üçün lazım olan deputat sayı yoxdur.

“Onlar Konstitusiyadan Müstəqillik Bəyannaməsinə edilən istinadları, Qarabağ və “soyqırımı”nın (qondarma-red.) tanınması ilə bağlı müddəaları, Erməni Apostol Kilsəsinin xüsusi rolunu çıxara, ailə anlayışını yenidən formalaşdıra və məhkəmələri özlərinə tabe etdirə bilməzlər. Bunu ilk növbədə Azərbaycan və Türkiyə tələb edir, əlbəttə ki, Qərbin tam dəstəyi ilə tələb edir”, - deyə o yazıb.

Zakaryan hesab edir ki, Paşinyana Bakı ilə sülh sazişi adlandırılan hər hansı sənəd lazımdır.

“Bu sənəd Qərbə inteqrasiyanın hüquqi-siyasi şərtlərindən biridir”, - deyə o bildirib.

Keçmiş erməni nazir müavini qeyd edib ki, TRIPP layihəsi də hazırda qeyri-müəyyən vəziyyətdədir.

“Vətəndaş Müqaviləsi”nin münaqişə yaradan siyasətinin və maraqlar toqquşmasının ən böyük düyünü məhz bu layihə ətrafında formalaşıb”, - deyə Zakaryan vurğulayıb.

O əlavə edib ki, Ermənistanın hazırda Rusiya qazına real alternativi yoxdur.

“Çox güman ki, Avropa İttifaqı yeni qaz kəmərlərinin tikintisini təklif edəcək, lakin bu, çox uzun prosesdir. Artıq köhnə ‘Nabukko’ layihəsi haqqında danışılır. Əsas sual budur ki, Ermənistanın enerji mənbələrinin şaxələndirilməsi yalnız İran vasitəsilə təmin oluna bilərmi? Tehran elektrik enerjisi alır və əvəzində qaz verir, lakin bu da problemi tam həll etmir. Bu məsələ Ermənistan iqtisadiyyatı və vətəndaşların sosial ehtiyacları üçün fundamental əhəmiyyət daşıyır”, - deyə o bildirib.

Zakaryanın fikrincə, Rusiyada Ermənistan məhsullarına, kapitalına, pul köçürmələrinə və əmək bazarına qarşı mümkün məhdudiyyətlər də ciddi problemə çevrilə bilər.

“Moskva Ermənistana çox ciddi yanaşır və onu itirmək istəmir. Çox güman ki, Kreml Paşinyana təzyiq göstərəcək və referendum keçirərək Ermənistan xalqının Avropa İttifaqında, yoxsa Avrasiya İqtisadi Birliyində olmaq istədiyini müəyyənləşdirməyi tələb edəcək. Bu seçim Paşinyan üçün əlverişli gündəm deyil və o, bundan hər vasitə ilə yayınmağa çalışacaq”, - deyə Zakaryan qeyd edib.

O hesab edir ki, Avropa İttifaqı və ABŞ-nin təşviqlərinə baxmayaraq, Ermənistanın Qərbə doğru real hərəkəti əhəmiyyətli dərəcədə ləngiyəcək.

“Moskvanın müəyyən təsir rıçaqları qalır və Paşinyanla qarşılıqlı razılıq əldə olunması ehtimalı aşağıdır. Bu isə o deməkdir ki, 2026-cı il seçkilərinin nəticələri Ermənistanı çoxtərəfli asılılıq, daxili idarəetmə böhranları, ikitərəfli və çoxtərəfli diplomatik etimadsızlıq, maliyyə-iqtisadi problemlər, daxili repressiyalar və yeni təhlükəsizlik təhdidləri ilə müşayiət olunan daha mürəkkəb və yorucu dövrə daxil edib”, - deyə o vurğulayıb.

Zakaryanın sözlərinə görə, ölkə parlament idarəetmə sisteminin effektivliyinin, güclü və zəif tərəflərinin artan daxili və xarici çağırışlar fonunda yenidən sınaqdan keçiriləcəyi mərhələyə daxil olur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakaryan   Ermənistan  


Bizi "telegram"da izləyin