Ordu.az xəbər verir ki, bu barədə Tramp “NBC News” telekanalına müsahibəsində danışıb.
ABŞ liderinin sözlərinə görə, Vaşinqtonun həyata keçirdiyi zərbələr İranın hərbi potensialını ciddi şəkildə zəiflədib. O bildirib ki, raket və Pilotsuz Uçuş Aparatı (PUA) istehsalı ilə əlaqəli obyektlərin böyük hissəsi məhv edilib və ya fəaliyyət qabiliyyətini itirib.
“PUA istehsalı zavodlarının böyük əksəriyyəti sıradan çıxarılıb, buraxılış qurğularının çoxu məhv edilib, raket istehsalı müəssisələrinin əhəmiyyətli hissəsi vurulub. Bununla belə, onların hələ də müəyyən potensialı qalır”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti etiraf edib ki, İran hələ də zərbə endirmək imkanlarını tam itirməyib. Buna nümunə olaraq o, son günlər Fars körfəzi bölgəsində baş verən hücumları, o cümlədən Küveytdəki obyektlərə endirilən zərbələri göstərib.
Trampın sözlərinə görə, İranın əlində qalan raket ehtiyatı hələ də ciddi təhlükə yaradır. Lakin bu potensial artıq hərbi kampaniya başlamazdan əvvəlki səviyyə ilə müqayisə oluna bilməz.
ABŞ Prezidenti artıq dördüncü ayına daxil olan qarşıdurmanın nizamlanması perspektivlərinə də toxunub. Onun sözlərinə görə, İran rəhbərliyi hələlik öz “gücü” və “qüruru” səbəbindən Vaşinqtonla razılaşmaya getməyə hazır deyil.
Bununla belə, Tramp hesab edir ki, Tehran sonda razılığa gəlmək məcburiyyətində qalacaq.
“Onlar güclüdürlər, qürurludurlar. Lakin heç vaxt etməyi düşünmədikləri addımları atmağa məcbur olacaqlar. Onların başqa seçimi yoxdur, sadəcə bunun üçün müəyyən vaxt lazımdır”, - deyə ABŞ Prezidenti vurğulayıb.
Donald Tramp münaqişənin qısa müddətdə başa çatmasını tələb edənləri də tənqid edib. O qeyd edib ki, bu cür qarşıdurmalar adətən bir neçə ay ərzində yekunlaşmır. Mövcud münaqişəni Vyetnam müharibəsi ilə müqayisə edən ABŞ lideri bildirib ki, hadisələrin inkişafı əslində kifayət qədər sürətlə gedir.
“Mən bununla cəmi üç aydır məşğulam. Vyetnam müharibəsi isə on doqquz il davam etmişdi”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, İran obyektlərinə endirilən son zərbələr müdafiə xarakteri daşıyıb və Tehran tərəfindən Hörmüz boğazı bölgəsində həyata keçirilən fəaliyyətlərə cavab olub.
O xatırladıb ki, daha əvvəl ABŞ dövlət katibi Marko Rubio “Epik Qəzəb” əməliyyatının başa çatdığını elan etmişdi.
Tramp bir daha vurğulayıb ki, hərbi kampaniyanın əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olub.
Bununla yanaşı, o, nə diplomatik həll variantını, nə də danışıqların uğursuz olacağı halda daha sərt addımların atılmasını istisna etməyib.
“Ya biz sazişi imzalayacağıq, ya da başqa cür davranacağıq. Digər variant isə o qədər də xoş deyil”, - deyə ABŞ Prezidenti xəbərdarlıq edib.
Sevinc Əliyeva
Ordu.az