“Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın ən effektiv yolunu müzakirə edirik” - Karapetyan

2026/06/1780636239.jpg
Oxunub: 238     19:30     26 İyun 2026    
“Müxalifət Ermənistanın siyasi gələcəyi ilə bağlı vahid strategiya hazırlayır və əsas məqsəd seçki saxtakarlıqları nəticəsində hakimiyyətini qorumağa çalışan iqtidarın yenidən formalaşmasının qarşısını almaqdır”.

Ordu.az xəbər verir ki, bunu iyunun 26-da Ermənistan Konstitusiya Məhkəməsinin binası qarşısında keçirilən müxalif qüvvələrin birgə etiraz aksiyası zamanı jurnalistlərə açıqlamasında “Güclü Ermənistan” partiyasının idarə heyətinin üzvü Narek Karapetyan bildirib.

O qeyd edib ki, bu gün etimad göstərən şəxslərlə qapalı formatda intensiv və məhsuldar görüş keçirilib və bu cür müzakirələr davam etdiriləcək.

Karapetyan bildirib ki, görüşdə iştirak edənlərin hamısının məqsədi hakimiyyət dəyişikliyi olub. Onun sözlərinə görə, iştirakçılar seçki saxtakarlıqları ilə hakimiyyətdə qalmaq istəyən iqtidarın yenidən formalaşmasına imkan verilməməsi barədə ortaq mövqedən çıxış ediblər.

“Əsas müzakirə mövzusu istifadə olunacaq mübarizə vasitələri olub və ümumi yanaşma formalaşsa da, vətəndaşların etimadını doğrultmaq üçün iş davam etdirilməlidir.

Yaxın vaxtlarda parlamentdənkənar müxalif qüvvələrlə də görüş keçiriləcək. Məqsəd vahid strategiyanın hazırlanması və səslərin parçalanmasının qarşısının alınmasıdır”, - deyə Karapetyan bildirib.

Onun sözlərinə görə, səslərin parçalanması nəticəsində hakimiyyət 50 faizdən az səs toplasa da, yenidən hakimiyyətdə qalmağa çalışır.

Karapetyan qeyd edib ki, “Vətəndaş Müqaviləsi” partiyası parlamentdə malik olduğu mandat sayı ilə yeni Konstitusiyanın qəbulu üçün referendum təyin edə bilməz.

“Əgər Konstitusiya Məhkəməsi qanunun və hüququn aliliyinə əsaslanan qərar qəbul etsə, hakimiyyətə qarşı 3/5 məhdudiyyət mexanizmini tətbiq etmək imkanı yaranacaq. Bu halda hakimiyyətin səlahiyyətləri ciddi şəkildə məhdudlaşacaq”, - deyə o bildirib.

Müxalifətin mandatları qəbul etmək qərarını artıq verdiyi və hazırkı görüşlərlə bunu xalqın istəyi kimi təqdim etməyə çalışdığı barədə iddialara münasibət bildirən Karapetyan qeyd edib ki, seçkilərdən sonrakı ilk günlərdə komandanın əksəriyyəti mandatları qəbul etmək istəmirdi.

Onun sözlərinə görə, hazırda bir neçə ssenari müzakirə olunur və Konstitusiya Məhkəməsinin qərarından sonra aparılan müzakirələrin nəticəsinə əsasən rəsmi bəyanat veriləcək.

Karapetyan etiraf edib ki, Konstitusiya Məhkəməsinə inam aşağıdır. Bununla belə, o, dövlət institutlarının hamısından imtina etməyin düzgün olmadığını bildirib.

“Konstitusiya Məhkəməsi “Çiçəklənən Ermənistan” partiyasının 58 min səsinin oğurlanmasının qarşısını ala bilər”, - deyə Karapetyan vurğulayıb.

Samvel Karapetyanın qısa müddətdən sonra Ermənistanı tərk edəcəyi barədə yayılan məlumatlara münasibət bildirən Narek Karapetyan onun Ermənistanla bağlı uzunmüddətli planlarının olduğunu söyləyib.

O bildirib ki, ölkədə dəyişikliklərin baş verməsi və yenidənqurma prosesinin həyata keçirilməsi üçün əllərindən gələni edəcəklər.

Karapetyan hesab edir ki, hazırkı hakimiyyət nə qədər uzun müddət iqtidarda qalsa, ölkə üçün təhlükələr bir o qədər artacaq.

“Hakimiyyət Konstitusiya dəyişikliyi referendumunu həyata keçirmək məqsədilə onların deputatlarına təzyiq göstərməyə çalışacaq, lakin buna nail ola bilməyəcək. Biz hələ də Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın ən effektiv yolunu müzakirə edirik. Bu gün keçirilən müzakirələrdə iştirakçıların fikirləri mandatların qəbul edilməsi və mübarizə üsulları məsələsində təxminən bərabər bölündü. Həmin mandatlar təzyiqlərdən başqa heç nə vermir. Bizim əsas məqsədimiz Paşinyanı dəyişməkdir.

Əgər küçədə on minlərlə insan olsa, amma parlamentdə müxalifət olmasa, dəyişiklik demək olar ki, mümkün olmayacaq. Əgər parlamentdə 44 müxalif deputat olsa, amma küçədə heç kim olmasa, bu halda da dəyişiklik çətin olacaq. Buna görə də yol xəritəsi aydındır, küçə ölkədə lazımi vəziyyəti yaradır, parlament isə düzgün qərarı qəbul edir”, - deyə Karapetyan bildirib.

Qeyd edək ki, hazırda Ermənistan Konstitusiya Məhkəməsinin binası qarşısında etiraz aksiyası keçirilir. Aksiyada “Güclü Ermənistan” alyansı, “Hayastan” alyansı, “Çiçəklənən Ermənistan” partiyasının nümayəndələri, “Hayakve” təşəbbüsünün üzvləri və onların tərəfdarları iştirak edirlər.

Xatırladaq ki, bu gün Ermənistan Konstitusiya Məhkəməsində parlament seçkilərinin nəticələrinə etiraz edən yeddi siyasi qüvvənin müraciətlərinə baxılmasına başlanılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Paşinyan  


Bizi "telegram"da izləyin