ABŞ Sakit Okean Hərbi Hava Qüvvələri açıqlayıb ki, Quamdakı Andersen Hərbi Hava Bazasının 4-cü Kəşfiyyat Eskadrilyasına məxsus üç ədəd kəşfiyyat tipli RQ-4 “Global Hawk Block 40” PUA-sı və onları dəstəkləyən şəxsi heyət daimi olaraq Yaponiyanın “Yokota” Hərbi Hava Bazasına yerləşdirilib. Köçürmə prosesi artıq tamamlanıb.
ABŞ Hərbi Hava Qüvvələrinin bəyanatında qeyd olunub: “RQ-4 sistemlərinin “Yokota” Hərbi Hava Bazasında yerləşdirilməsi tayfun mövsümündə Kanto bölgəsində daha əlverişli hava şəraitindən istifadə etməyə imkan verəcək və bölmənin region üzrə əməliyyatları dəstəkləmə qabiliyyətini maksimum səviyyəyə çatdıracaq”.
Açıqlamada əlavə olunub ki, “Global Hawk”ların Yaponiyada yerləşdirilməsi Qərbi Sakit okean regionunda davamlı kəşfiyyat imkanları təmin edəcək. Pentaqon bu regionun Çin və Şimali Koreyanın artan hərbi fəallığı səbəbindən xüsusi təhlükəsizlik çağırışları ilə üzləşdiyini etiraf edir.
RQ-4 sistemləri ABŞ ordusunun hərbi kəşfiyyat, müşahidə və kəşfiyyat məlumatlarının (ISR) toplanmasına xidmət edəcək. Bu imkanlar həm ABŞ birgə qüvvələrinin, həm də regiondakı müttəfiq və tərəfdaş ölkələrin missiyalarını dəstəkləyəcək.
4-cü Kəşfiyyat Eskadrilyasının komandiri polkovnik-leytenant Adam Otten bildirib: “Yokota” Hərbi Hava Bazası hazırkı və gələcək RQ-4 əməliyyatlarını dəstəkləmək üçün ən uyğun məkandır. Eyni zamanda şəxsi heyətimizin və onların ailələrinin həyat keyfiyyətinin qorunmasına imkan yaradır”.
O əlavə edib: “Son 16 il ərzində “Global Hawk” sistemlərini qəbul etdiyinə görə Quam və “Andersen” Hərbi Hava Bazası icmasına təşəkkür edirik. Burada olmaqdan məmnunuq və əminik ki, bölməmiz “Yokota” komandası ilə birlikdə uğurla fəaliyyət göstərəcək”.
“Yokota” Hərbi Hava Bazası ABŞ və Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin birgə istifadə etdiyi hərbi obyektdir. Baza Tokionun qərbində yerləşən Tama bölgəsində yerləşir. O, ABŞ-nin Yaponiyadakı qüvvələrinin və 5-ci Hərbi Hava Ordusunun qərargahı funksiyasını yerinə yetirir. Hazırda Hind-Sakit okean regionundakı ABŞ hərbi əməliyyatları üçün əsas hava nəqliyyatı və logistika mərkəzi hesab olunur.
RQ-4 “Global Hawk”: ABŞ-nin səmadakı gözü
İstehsalçı:
“Northrop Grumman” (əsas podratçı), “Raytheon”, “L3 Comm”
İstifadəyə qəbul olunma tarixi:
2001-ci il
Xidmətdə olan sayı:
Təxminən 33 ədəd
Uzunluğu:
14,5 metr
Qanad açılımı:
39,8 metr
Maksimum qalxma çəkisi:
14 628 kiloqram
Mühərrik:
Bir ədəd “Rolls-Royce North American” F137-RR-100 turboreaktiv mühərriki (7600 funt itələmə qüvvəsi)
Maksimum sürət:
310 düyün (357 mil/saat, 575 km/saat)
Uçuş məsafəsi:
22 780 kilometr
Havada qalma müddəti:
Təxminən 34 saat
Praktiki uçuş hündürlüyü:
18 288 metr
Silah yükü:
Silah daşımır, 1360 kiloqram faydalı yük daşıma qabiliyyətinə malikdir
Ekipaj:
Pilotsuz sistemdir. Yerdə üç nəfərlik idarəetmə heyəti fəaliyyət göstərir: yerli uçuş pilotu (LRE), missiya idarəetmə pilotu (MCE) və sensor operatoru.
RQ-4 pilotsuz uçuş sistemi kəşfiyyat, müşahidə və məlumat toplamaq məqsədilə hazırlanıb. Hər bir “Global Hawk” 30 saatdan çox fasiləsiz havada qala bilir. Sistem gecə-gündüz rejimində davamlı fəaliyyət göstərərək böyük coğrafi ərazilərin yüksək dəqiqlikli və bütün hava şəraitində əldə olunan görüntülərini təmin edir.
“Global Hawk” proqramının əsas podratçısı olan “Northrop Grumman” şirkətinin məlumatına görə, bu PUA sistemi indiyədək 320 mindən çox uçuş saatı toplayıb. Sistem Əfqanıstan, İraq, Şimali Afrika və Asiya-Sakit okean regionunda həyata keçirilən hərbi əməliyyatlarda istifadə olunaraq dünyanın müxtəlif qaynar nöqtələrində xidmət göstərib.
“Global Hawk” yalnız hərbi məqsədlərlə istifadə olunmur. O, humanitar yardım, fəlakətlərin nəticələrinin aradan qaldırılması və bərpa əməliyyatlarında da tətbiq edilir.
Bu sistemin ən tanınmış missiyalarından biri 2011-ci ildə Yaponiyada baş vermiş Tohoku zəlzələsi və sunamisindən sonra həyata keçirilən “Tomodachi” əməliyyatı olub. Həmin əməliyyat çərçivəsində ABŞ Silahlı Qüvvələri Yaponiyaya humanitar yardım və fəlakət nəticələrinin aradan qaldırılması sahəsində dəstək göstərib.
Sevinc Əliyeva
Ordu.az