Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.
O, sosial şəbəkədə paylaşdığı açıqlamada qeyd edib ki, hazırda hücuma məruz qalmış nüvə obyektlərinə və nüvə materiallarına müfəttişlərin çıxışının təmin olunması ilə bağlı heç bir plan yoxdur.
Qəribabadinin sözlərinə görə, bu məsələ yalnız yekun saziş çərçivəsində və qarşı tərəfin bütün sanksiyaların tam ləğvi, eləcə də digər öhdəliklərin yerinə yetirilməsi istiqamətində real addımlar atmasından sonra nəzərdən keçiriləcək.
Xatırladaq ki, iyunun ortalarında ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənəddə bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılması nəzərdə tutulur.
İyunun 21-də İsveçrənin Bürgenştok şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri arasında memorandumun icrasına həsr olunmuş danışıqlar keçirilib.
Daha sonra ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tehran AEBA müfəttişlərinin İrana qayıdışı ilə bağlı razılıq verməyəcəyi təqdirdə amerikalı rəsmilərlə növbəti görüşləri ləğv edə bilər.
Sevinc Əliyeva
Ordu.az