İsveç ilk modernləşdirilmiş “Stridsvagn 123” tankını təhvil alıb

2026/06/Ekran-1782277042.jpg
Oxunub: 234     08:59     24 İyun 2026    
KNDS şirkəti 2023-cü ildə başlanmış modernləşdirmə proqramı çərçivəsində yenilənmiş ilk “Stridsvagn 123” tankını İsveç Müdafiə Materialları Administrasiyasına (FMV) təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

“Leopard 2A5” platforması əsasında yaradılan tankın modernləşdirilməsi proqramı döyüş imkanlarının artırılmasını, müdafiə səviyyəsinin yüksəldilməsini, rəqəmsallaşdırmanı və geniş logistika dəstəyini əhatə edir.

REMO (Renovation Modernization) adlanan proqram çərçivəsində İsveç ordusunun A5SE (Stridsvagn 123A) və A8 (Stridsvagn 123B) konfiqurasiyalarında olan 110 əsas döyüş tankının yenilənməsi nəzərdə tutulur.

Proqramın 2030-cu ildə başa çatdırılması planlaşdırılır.

“KNDS Deutschland” şirkətinin baş icraçı direktoru Florian Qoqenvarter Münhendə keçirilən rəsmi təhvil mərasimində bildirib ki, İsveç uzun illərdir “Leopard 2” platformasının inkişafına mühüm töhfə verir.

“Onilliklər ərzində İsveçlə yaxın, dostluq və etimada əsaslanan tərəfdaşlığımız olub. İsveç təxminən 30 il ərzində “Leopard 2” platformasının inkişafında aparıcı rol oynayıb”, - deyə o vurğulayıb.

Qeyd edək ki, “Stridsvagn 122” və ya “Leopard 2A5SE” bu modernləşdirmə proqramının əsasını təşkil edir. Tank vaxtilə “Krauss-Maffei Wegmann” və hazırda BAE Systems-in tərkibinə daxil olan “Hägglunds” şirkətləri tərəfindən birgə hazırlanıb.

İsveçin “Leopard 2A5” versiyası olan “Stridsvagn 122” 1990-cı illərin sonlarında silahlanmaya qəbul edilib və sonrakı illərdə dəfələrlə modernləşdirilib.

Məlumata görə, İsveç tank parkının modernləşdirilməsi proqramına 2023-cü ildə start verilib. Layihənin əsas məqsədi sistemlərin digər “Leopard 2” variantları ilə standartlaşdırılması və NATO müttəfiqləri ilə birgə əməliyyatlarda uyğunluğun təmin edilməsidir.

“Stridsvagn 123A” və “Stridsvagn 123B” versiyaları proqramlaşdırılan döyüş sursatlarından istifadə edə bilən yeni 120 mm-lik L55A1 hamar lüləli topla təchiz olunacaq.

Bundan əlavə, tanklar yenilənmiş elektronika, təkmilləşdirilmiş gecəgörmə cihazları, müasir istilikgörüntüləmə sistemləri, yeni müdafiə vasitələri, modernləşdirilmiş pulemyotlar və artan döyüş çəkisinə uyğun gücləndirilmiş şassi ilə təchiz ediləcək.

Ümumilikdə, İsveçin 2023-2026-cı illərdə tank parkının genişləndirilməsi və modernləşdirilməsinə təxminən 1,8 milyard avro sərmayə yatırılacaq.

FMV-nin açıqladığı plana əsasən, modernləşdirilmiş 44 tankın ilk partiyası 2026-cı ildən etibarən silahlanmaya qəbul ediləcək.

Əlavə 66 ədəd “Stridsvagn 123A” tankının 2027-2030-cu illərdə, “Stridsvagn 123B” versiyalarının isə 2028-2031-ci illərdə təhvil verilməsi nəzərdə tutulur.

İsveç ordusu yenilənmiş tankların ilk ekipajlarının hazırlığına 2026-cı ilin payızında başlayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Stridsvagn-123  


Bizi "telegram"da izləyin