NATO rəsmisi: “Rusiyanın Ukraynaya qarşı müharibədə ümumi itkiləri 1,3-1,5 milyon nəfərə çatıb”

2026/06/Ekran-1782276992.jpg
Oxunub: 235     08:56     24 İyun 2026    
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibədə verdiyi ümumi itkilərin sayı 1,3-1,5 milyon nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən yüksək vəzifəli NATO rəsmisi NATO müdafiə nazirlərinin görüşü çərçivəsində “UK Defence Journal”a bildirib.

Onun sözlərinə görə, bu rəqəmə həlak olanlar və yaralananlar daxildir. Təkcə ölən Rusiya hərbçilərinin sayının isə təxminən 500 min nəfər olduğu qiymətləndirilir.

Rəsmi qeyd edib ki, Rusiya ordusunun itkiləri aylıq 30-35 min nəfər səviyyəsində sabit qalır. O bildirib ki, mürəkkəb tibbi-logistika problemləri və könüllü şəkildə hərbi xidmətə qoşulanların sayının azalması səbəbindən bu itkiləri kompensasiya etmək getdikcə çətinləşir.

Məlumata görə, Kremlin əsas məqsədi xüsusilə ən ağır itkilər verən hücum piyada bölmələrini yeni şəxsi heyətlə təmin etməkdir. Bunun üçün Rusiya daha çox məhkumlardan, borcu olan şəxslərdən və xarici vətəndaşlardan istifadə edir.

NATO bu cəlbetmə modelini “çətinliklə işləyən sistem” kimi qiymətləndirir. Bildirilir ki, son aylarda yeni cəlb olunanların sayı artıq aylıq itkilərin səviyyəsindən aşağı düşüb.

Qeyd olunur ki, müharibənin başlanmasından bəri cəlb edilən təxminən 24 min xarici döyüşçünün əksəriyyəti Afrika ölkələrindən gəlib.

NATO rəsmisinin sözlərinə görə, afrikalı döyüşçülər çox vaxt aldadıcı şərtlərlə bağlanan qeyri-şəffaf müqavilələr vasitəsilə istismar olunurlar.

O vurğulayıb ki, bu şəxslərin iştirakı Şimali Koreyanın peşəkar hərbçilərinin döyüş əməliyyatlarında birbaşa iştirakından fərqlənir.

Rəsmi əlavə edib ki, yanacaq çatışmazlığı və elita daxilində narazılıqlar səbəbindən Rusiyaya hərbi, iqtisadi və sosial təzyiqlər artır.

Bununla belə, Çin, İran və Şimali Koreyanın dəstəyi sayəsində Moskvanın müharibəni davam etdirmək üçün kifayət qədər döyüş potensialı formalaşdırmaq imkanını qoruduğu qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin