Ordu.az xəbər verir ki, bu barədə CSG şirkətinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, yeni müəssisənin əsas məhsulu FNSS-in “Kaplan MT” platforması əsasında hazırlanan CFL-120 “Karpat” orta tankı olacaq.
Layihə çərçivəsində CSG əsasən Trençində yerləşən MSM “Land Systems” müəssisəsinin istehsal imkanlarını təqdim edəcək. FNSS isə texnologiya transferi və innovativ həllərlə layihəyə töhfə verəcək.
Tərəfdaşlıq FNSS-in tırtıllı zirehli platformalar sahəsində təcrübəsini CSG-nin Slovakiyadakı törəmə şirkəti MSM “Land Systems”in sənaye imkanları ilə birləşdirəcək.
Bildirilir ki, əməkdaşlığın əsas məqsədi Avropada və digər bazarlarda müasir tırtıllı zirehli texnikalara artan tələbatı qarşılamaqdır.
Müvafiq prosedurlar tamamlandıqdan sonra şirkətin səhmlərinin 51 faizinin CSG “Defence”ə, 49 faizinin isə FNSS-ə məxsus olacağı gözlənilir.
CFL-120 “Karpat” əsas döyüş tankı səviyyəsində atəş gücü təqdim edən, lakin daha aşağı çəkiyə, yüksək taktiki və strateji hərəkətliliyə malik platforma kimi hazırlanıb. Tankın 105 mm və 120 mm top variantları mövcuddur.
İtaliyanın “Leonardo S.p.A.” şirkətinin “Hitfact MkII” qülləsi ilə təchiz edilən 120 mm top NATO standartlı döyüş sursatları ilə uyğunluğa malikdir və həm əl ilə, həm də avtomatik doldurma sistemi ilə istifadə oluna bilir.
Tankın döyüş çəkisi 34 tona qədərdir. Bu isə onu təxminən 70 ton ağırlığında olan “Leopard 2A8” tankından xeyli yüngül edir. Maksimum sürəti saatda 70 kilometr, hərəkət məsafəsi isə təxminən 450 kilometrdir.
İstəyə uyğun olaraq tank STANAG 4569 standartına uyğun əlavə modul zirehlə və pilotsuz uçuş aparatlarına, idarə olunan raketlərə və zirehdələn mərmilərə qarşı müdafiə təmin edən aktiv müdafiə sistemi ilə təchiz edilə bilər.
Qeyd olunub ki, “Danube Defence Systems” gələcəkdə yalnız CFL-120 “Karpat” tankını deyil, həmçinin orta çəkili zirehli texnika ailəsinə daxil olan zirehli transportyor və piyada döyüş maşınlarını da təklif etməyi planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az