ABŞ məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün 10 yeni nüvə reaktorunun tikintisinə 17,5 milyard dollar ayıracaq

2026/06/1782274367.jpg
Oxunub: 224     08:11     24 İyun 2026    
ABŞ Prezidenti Donald Trampın administrasiyası genişmiqyaslı məlumat mərkəzlərinin sürətlə artan elektrik enerjisi tələbatını qarşılamaq məqsədilə 10 yeni iri nüvə reaktorunun sürətləndirilmiş tikintisinə 17,5 milyard dollar ayırır.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

ABŞ-nin energetika naziri Kris Rayt layihədə iştirakla bağlı məlumat mərkəzlərinin inşaatçıları, enerji şirkətləri və kommunal xidmət operatorları arasında böyük marağın olduğunu bildirib.

Onun sözlərinə görə, tikinti işləri 2030-cu ilə qədər başlaya bilər, obyektlərin istismara verilməsi isə 2030-cu illərin ortalarında gözlənilir.

“Bu, yalnız başlanğıcdır. Biz sürətli hərəkət etməyə hazır olan tərəfdaşlarla irəliləyəcəyik. Təchizat zənciri formalaşdıqdan sonra bundan sonra daha onlarla belə obyektin tikilməməsinə təəccüblənərdim”, - deyə Rayt jurnalistlərlə telefon brifinqində bildirib.

Məlumata görə, ABŞ-də fəaliyyət göstərən atom elektrik stansiyalarının əksəriyyəti 1970-1990-cı illərdə tikilib. Son onilliklərdə sıfırdan inşa edilən yalnız iki iri reaktor Corciya ştatındakı “Plant Vogtle” stansiyasında qurulub. Həmin layihə ciddi gecikmələr və milyardlarla dollar əlavə xərc problemi ilə üzləşmişdi.

Yeni 10 reaktor “Westinghouse” şirkətinin AP1000 layihəsi əsasında inşa olunacaq. Rayt “Plant Vogtle” layihəsində planlaşdırma, təchizat zənciri və COVID-19 pandemiyası ilə bağlı problemlərin olduğunu etiraf etsə də, reaktorun öz layihəsini “etibarlı və sınaqdan çıxmış” adlandırıb.

Onun sözlərinə görə, bir neçə platformada seriyalı tikinti sabit istehsal zəncirinin formalaşmasına və təcrübənin toplanmasına imkan verəcək ki, bu da gələcək layihələrin müddətini və xərcini azaldacaq.

ABŞ Energetika Nazirliyi bildirib ki, artıq yeddi şirkətlə ilkin razılaşmalar imzalanıb və mümkün tikinti meydançaları müəyyənləşdirilib. Sonrakı mərhələdə beş meydança seçiləcək və onların hər birində iki reaktor yerləşdiriləcək.

Qeyd olunub ki, yekun qərarlar hələ qəbul edilməyib, iştirakçı şirkətlərin və ştatların adları isə açıqlanmayıb.

Maliyyələşdirmənin uzun istehsal müddəti tələb edən əsas komponentlərin alınmasına yönəldiləcəyi, birbaşa tikinti kreditləşdirilməsinin isə nəzərdə tutulmadığı vurğulanıb.

Donald Tramp daha əvvəl qarşıdakı 25 il ərzində ABŞ-də nüvə enerjisi istehsalını dörd dəfə artırmaq məqsədi qoymuş və sahənin, o cümlədən kiçik modullu reaktorların inkişafını sürətləndirməyə yönəlmiş bir sıra sərəncamlar imzalamışdı.

Rəsmi qiymətləndirmələrə görə, məlumat mərkəzləri artıq ABŞ-də istehsal olunan bütün elektrik enerjisinin təxminən 4-5 faizini istehlak edir və bu göstərici 2028-ci ilə qədər demək olar ki, üç dəfə arta bilər.

Proqnozlara əsasən, ölkədə ümumi elektrik enerjisi tələbatı qarşıdakı on il ərzində təxminən 20 faiz artacaq. Bu artım əsasən süni zəka infrastrukturunun inkişafı ilə əlaqələndirilir.

Sahə nümayəndələri hesab edirlər ki, süni zəka, sənaye istehsalı və gələcəyin yüksək texnologiyaları sahəsində ABŞ-nin liderliyini qorumaq üçün nüvə energetikasına genişmiqyaslı investisiyalar zəruridir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rayt  


Bizi "telegram"da izləyin