Baş Qərargah rəisi: “Britaniya ordusu Rusiyaya qarşı sürətli zərbələr endirməyə hazır olmalıdır”

2026/06/Ekran-1782276432.jpg
Oxunub: 255     08:40     24 İyun 2026    
Böyük Britaniyanın Baş Qərargah rəisi general ser Roland Uoker bildirib ki, NATO-nun şərq cinahına təhdid yaranacağı təqdirdə Britaniya ordusu Rusiyaya qarşı qısa müddətdə zərbələr endirməyə hazır olmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə general “The Sun” nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, NATO-nun şərq cinahında yerləşdirilən qoşunlar və hərbi texnika “30 dəqiqə ərzində zərbə endirmək və fəaliyyətə başlamaq” imkanına malik olmalıdır.

General həmçinin bildirib ki, artıq bu ildən etibarən alyansın şərq cinahında daha çox uzaqmənzilli və avtonom sistemlər yerləşdiriləcək.

“Əgər çəkindirmə uğursuz olarsa, təcavüzkara verəcəyimiz cavab dərhal hiss olunmalıdır və imkan daxilində onlar öz mövqelərini tərk etməmişdən əvvəl həyata keçirilməlidir”, - deyə Uoker vurğulayıb.

Hazırda Böyük Britaniyanın Estoniyada hərbi kontingenti yerləşir.

Baş Qərargah rəisi ölkənin milli maraqlarının qorunması naminə hərbçilərin həyatını qurban verməyə hazır olmasının vacibliyini də qeyd edib.

“O acı həqiqətdir ki, qan bizim təqdim edə biləcəyimiz ən ağır və ən qiymətli valyutadır”, - deyə general bildirib.

Onun sözlərinə görə, ölkənin hərbi və mənəvi baxımdan qoşunlarını ön xəttə göndərməyə hazır olması Britaniyanın dünyadakı yerini müəyyən edir.

“Bu, əhəmiyyət daşıyır, etimad yaradır və nəticədə müharibələrin necə aparılacağını, sülhün isə necə formalaşacağını müəyyənləşdirir”, - deyə Uoker əlavə edib.

Məlumata görə, generalın açıqlamaları Böyük Britaniya Müdafiə Nazirliyinin 28 milyard funt sterlinq həcmində büdcə çatışmazlığı ilə üzləşdiyi bir dövrdə səsləndirilib.

Bu ayın əvvəlində keçmiş müdafiə naziri Con Hili və Silahlı Qüvvələr naziri Al Karns Leyboristlər hökumətinin ordunu kifayət qədər maliyyələşdirməməsinə etiraz olaraq istefa veriblər.

Qeyd olunur ki, maliyyə çatışmazlığı hərbi rəhbərliyi təlim və əməliyyat fəaliyyətlərini azaltmağa məcbur edə bilər.

General Uoker vurğulayıb ki, quru qoşunları münaqişələrin qarşısının alınmasında əsas rol oynamaqda davam edir.

Hazırda onun komandanlığı altında son 200 ildən artıq dövrün ən kiçik Britaniya ordusu, təxminən 70 min hazırlıqlı hərbçi xidmət edir.

“Yalnız quru qoşunları ərazini ələ keçirə və onu nəzarətdə saxlaya bilər”, - deyə Baş Qərargah rəisi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Rusiya  


Bizi "telegram"da izləyin