Estoniya ilk IRIS-T SLM hava hücumundan müdafiə sistemini təhvil alıb

2026/06/Ekran-1782276897.jpg
Oxunub: 194     08:49     24 İyun 2026    
Estoniya Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Diviziyası Əmari aviabazasında IRIS-T SLM mobil hava hücumundan müdafiə raket sisteminin ilk komponentlərini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Estoniya Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, yeni sistem Estoniyaya mövcud qısamənzilli hava hücumundan müdafiə vasitələri ilə müqayisədə hava təhdidlərini daha uzaq məsafələrdə və daha böyük yüksəkliklərdə məhv etmək imkanı verəcək.

Sistem Almaniyanın “Diehl Defence” şirkətindən Estoniya Müdafiə İnvestisiyaları Mərkəzi tərəfindən satın alınıb.

Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib ki, IRIS-T Ukraynada öz effektivliyini sübut etmiş orta mənzilli hava hücumundan müdafiə sistemidir.

“IRIS-T hava hücumundan müdafiə imkanlarımızı yeni səviyyəyə qaldırır. Bu sistem sayəsində mövcud qısamənzilli komplekslərlə müqayisədə hədəfləri daha uzaq məsafədə və daha böyük yüksəklikdə vurmaq mümkün olacaq. Ukraynadakı müharibə bir daha göstərdi ki, güclü hava hücumundan müdafiə sistemi milli müdafiənin əsas elementlərindən biridir”, - deyə nazir vurğulayıb.

Qeyd olunub ki, sistemlərin alınmasına dair çərçivə sazişi 2023-cü il sentyabrın 11-də Almaniya və Estoniya müdafiə nazirlikləri arasında imzalanıb.

“Diehl Defence” şirkətinin baş icraçı direktoru Helmut Raux isə bildirib ki, Avropa hava hücumundan müdafiə bazarında yüksək tələbatın mövcud olmasına baxmayaraq, şirkət öhdəliklərini yerinə yetirə bilir.

Onun sözlərinə görə, Estoniyaya hər yeni sistemin təhvil verilməsi tərəfdaş ölkələrin müdafiə qabiliyyətini gücləndirir və NATO-nun təhlükəsizlik arxitekturasına töhfə verir.

Məlumata görə, IRIS-T SLM tədarükü Almaniyanın təşəbbüsü ilə yaradılmış Avropa Səma Qalxanı Təşəbbüsünün (ESSI) əhəmiyyətini də nümayiş etdirir. 2022-ci ildə yaradılan təşəbbüs Avropada inteqrasiya olunmuş yerüstü hava hücumundan müdafiə şəbəkəsinin qurulmasına yönəlib və hazırda 23 üzv dövləti birləşdirir.

Hazırda Almaniya, Estoniya, Latviya, Sloveniya, Bolqarıstan, İsveç, Danimarka və İsveçrə IRIS-T SLM sistemini seçən ESSI üzvləridir. Ukrayna və Misir isə proqramdan kənar istifadəçi ölkələr hesab olunur.

Qeyd edilir ki, bu satınalma Estoniya tarixində ən bahalı müdafiə müqaviləsidir və ölkənin hava təhdidlərinə qarşı güclü çəkindirmə qabiliyyəti yaratmaq niyyətini nümayiş etdirir.

IRIS-T SLM sistemi adətən bir neçə buraxılış qurğusundan, radiolokasiya stansiyasından, komanda məntəqəsindən və yardımçı texnikadan ibarət olur.

Kompleks təyyarələrə, helikopterlərə və qanadlı raketlərə qarşı istifadə üçün nəzərdə tutulub. Sistem təxminən 40 kilometr məsafədə və 20 kilometr yüksəklikdə hədəfləri vurmaq imkanına malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   IRIS-T  


Bizi "telegram"da izləyin