ABŞ-İran razılaşmasından sonra Hörmüz boğazında gəmiçilik canlanıb

2026/03/1773466996.jpg
Oxunub: 233     19:11     22 İyun 2026    
ABŞ və İran arasında imzalanan anlaşma memorandumundan sonra Hörmüz boğazında gəmi hərəkəti nəzərəçarpacaq dərəcədə artıb.

Ordu.az xəbər verir ki, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nəzdində fəaliyyət göstərən Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) bununla bağlı məlumat yayıb.

UKMTO-nun son 72 saatı əhatə edən hesabatına əsasən, boğazdan keçən gəmilərin hərəkəti tədricən bərpa olunmağa başlayıb. Qurum eyni zamanda dəniz təhlükəsizliyi üzrə risk səviyyəsini aşağı salaraq “orta” səviyyəyə endirib.

Mərkəzin məlumatında qeyd olunub ki, müəyyən məhdud risklər hələ də qalmaqdadır, lakin akvatoriyada müşahidə və təhlükəsizlik tədbirləri davam etdirilir.

ABŞ və İran arasında memorandum 2026-cı il iyunun 17-də imzalanıb. Sənədə əsasən, bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılması nəzərdə tutulur.

İlkin olaraq imzalanma mərasiminin 2026-cı il iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməsi planlaşdırılsa da, yekunda sənəd məsafədən imzalanıb.

2026-cı il iyunun 21-də Bürgenştokda ABŞ və İran nümayəndələri arasında danışıqların ilk mərhələsi baş tutub. Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilən görüşdən sonra tərəflər dialoqun konstruktiv şəraitdə davam etdiyini, müəyyən irəliləyiş əldə olunduğunu və növbəti texniki danışıqlar üçün zəmin yarandığını bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Hörmüz  


Bizi "telegram"da izləyin